"Judo Club 2012" Avropa birinciliyində uğur qazanan yetirməsini mükafatlandırıb

0.JPG

       Ölkəmizdə cüdo idman növünün inkişafına dəstək verən, yeniyetmələrin və gənclərin bu döyüş sənətinə yiyələnməsi üçün əlverişi şərait yaradılmasını, veteran cüdoçulara diqqət və qayğı göstərilməsini özünün başlıca vəzifəsi sayan "Judo Club 2012" uğurlarını davamlı olaraq artırır.

       Bu günlərdə klubun ünvanına daha bir xoş xəbər gəlib. Belə ki, sentybarın 15-dən 17-dək  gənc cüdoçuların Sloveniyanın Maribor şəhərində keçirilən Avropa birinciliyində bu nüfuzlu idman qurumunun yetirməsi Murad Fətiyev 73 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb. Maraqlıdır ki, həmin çəki dərəcəsində Avropa birinciliyinin finalında Azərbaycanın iki təmsilçisi qarşılaşıb və qızıl medal həmyerlimiz Hidayət Heydərova qismət olub.

       Gənc cüdoçularımız komanda yarışlarında da iştirak ediblər. Tərkibində Murad Fətiyevin də çıxış etdiyi Azərbaycan komandası bu yarışlarda birinci yeri tutub.  Beləliklə, "Judo Club 2012"-nin yetirməsi Vətənə 1 qızıl, 1 gümüş medalla qayıdıb. 
Sentyabrın 18-də axşam Heydər Əliyev adına Hava Limanında Azərbaycanın gənc cüdoçularının təntənəli şəkildə qarşılanması mərasimi olub. Sentybarın 20-də isə "Judo Club 2012" İctimai Birliyinin sədri Azər Əsgərov və İdarə Heyətinin üzvləri Murad Fətiyevlə görüşərək, təntənəli şəkildə ona klubun mükafatınıtəqdim ediblər.

       Xatırladaq ki, "Judo Club 2012" yeniyetmələrin və gənclərin idmana marağını artırmaq, hərbi vətənpərvərlik ruhunu yüksəltmək üçün də təsirli tədbirlər həyata keçirir. Belə ki, klubun təşəbbüsü və iştirakı ilə bu il Qusarda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq turniri, Bakıda isə Aprel döyüşlərinin qəhrəmanı polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr olunmuş klublararası beynəlxalq cüdo turniri keçirilib.  "Judo Club 2012" qarşıdakı illərdə də belə ənənvi tədbirləri davam etdirmək niyyətindədir.

Oxunma sayı: 1590 2017-09-21 17:42:33