Yığma komandanın üzvləri “Judo Club 2012”də olublar

2.jpg

       Cüdo üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri “Judo Club 2012”nin idman zalında olublar. Sentyabrın 25-də keçirilən tədbirdə klubun qonağı olan yığma komandanın əsas üzvləri Elmar Qasımov, Hidayət Heydərov və Məmmədəli Mehdiyevlə yanaşı, "Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərov, “Judo Club 2012”nin baş məşqçisi Tərlan Həsənov, usta cüdoçular Zaur Paşayev, Yamən Fətiyev, Müşfiq Cəfərov, həmçinin, klubun gənc yetirməsi Murad Fətiyev və digər veteran idmançılar iştirak ediblər.

       Görüş zamanı usta cüdoçular millimizin əsas üzvləri ilə birgə məşq edərək, öz təcrübələrini idmançılarla bölüşüblər. Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov, Avropa çempionu dünya çempionatının bürünc medalçısı Hidayət Heydərov və IV İslam Həmrəyliyi Oyunlarının qalibi, ikinci Avropa Oyunlarının bürünc mükafatçısı Məmmədəli Mehdiyev klubun rəhbərliyinə və usta cüdoçulara minnətdarlıqlarını bildiriblər. Klubun usta cüdoçuları da eyni zamanda onları klubda görməkdən məmnun olduqlarını bildirərək, idmançılara gələcək yarışlarda uğurlar arzulayıblar. Sonda yığma komandanın üzvləri və usta cüdoçular birgə xatirə şəkli çəkdiriblər.

       Qeyd edək ki, milli komandanın təcrübəli idmançılarından olan Hidayət Heydərov və Məmmədəli Mehdiyev “Judo Club 2012”nin baş məşqçi Tərlan Həsənovun yetirmələridirlər. 

       Xatırladaq ki, son illərdə ölkə idmanında öz uğurları ilə diqqət çəkən “Judo Club 2012”də bundan əvvəl də bu cür tədbirlər təşkil olunub.

 

Oxunma sayı: 1540 2019-09-25 19:25:33