“Judo Club 2012”nin perspektivli cüdoçusu Avropa Kubokunun qalibləri sırasında 

5.jpg

 

     Aprelin 5-6-da Polşanın Poznan şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku turnirinə yekun vurulub. 23 ölkədən 412 (272 oğlan, 140 qız) cüdoçunun iştirak etdiyi yarış Azərbaycan milli komandasının parlaq çıxışı ilə başa çatıb. Turnirdə ölkəmizi təmsil edən gənc cüdoçular 3 qızıl, 2 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 7 medala sahib çıxıblar.
Yığmamız bu nəticə ilə oğlanlar arasında komanda hesabında 23 ölkə arasında birinci, ümumi sıralamada isə ikinci yeri tutub.
Yarışda komandamızın üzvlərindən Fərid Qarayev (-60 kq), Məhəmməd Musayev (-66 kq) və Ramazan Əhmədov (+100 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gümüş medallara isə Süleyman Şükürov (-81 kq) və Tuncay Şamil (-90 kq) sahib olublar. Nihad Məmişov (-66 kq) və Əbil Yusubov (-73 kq) isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, -90 kq çəki dərəcəsində gümüş medal qazanan Tuncay Şamil “Judo Club 2012” klubunun yetirməsidir. Gənc cüdoçu bundan əvvəl də bir sıra beynəlxalq turnirlərdə uğurla çıxış edərək həm klubunun, həm də ölkəmizin idman nüfuzunun yüksəlməsinə töhfə verib.

Oxunma sayı: 18 2025-04-07 11:22:58