Azərbaycan cüdoçuları ikinci Avropa Oyunlarını 5 medalla başa vurdular

5.jpg

       Belarusun paytaxtı Minskdə təşkil olunan İkinci Avropa Oyunlarına yekun vurulub. 4 minə yaxın atletin iştirak etdiyi yarışda ölkəmizi 11 idman növü üzrə 82 idmançı təmsil edib. Köhnə qitənin 50 ölkəsinin gərgin mübarizəsində komandamız 5 qızıl, 10 gümüş və 13 bürünc medala layiq görülüb. Millimiz bu nəticə ilə medal qazanan ölkələr arasında 10-cu pillədə yer alıb.
       İkinci Avropa Oyunlarında qazanılan medallardan 5-i (1 gümüş, 4 bürünc) cüdoçularımızın payına düşüb.
       Minsk-2019 “Judo Club 2012” klubunun baş məşqçisi, Əməkdar məşqçi Tərlan Həsənovun tələbələri üçün də əlamətdar olub. Belə ki, qocaman mütəxəssisin tələbələrindən Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) ikinci Avropa Oyunlarının bürünc medallarına layiq görülüblər.
       Cüdo üzrə yığma komandamızın digər üzvlərindən Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və İrina Kindzerskaya (+78 kq) isə bürünc medallara sahib çıxıblar.
       Cüdoçularımıza həm Avropa Oyunlarının, həm də Avropa çempionatının medalları təqdim olunub.
       II Avropa Oyunlarında iştirak edən idmançılar arasında “Judo Club 2012”nin samboçusu Abdulla Abdullayev (74 kq) də yer alıb. Yarışın ən kiçik yaşlı idmançılarından biri olan Abdulla üçün Minsk-2019 böyük təcrübə olub.

Oxunma sayı: 1598 2019-07-01 15:28:12