Oktyabrın 30-31-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatı keçirilib. Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda qadınlar və kişilər 14 çəki dərəcəsində mübarizə aparıblar. Paytaxtın 33 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 212 cüdoçunun qüvvəsini sınadığı yarışda “Judo Club 2012” klubunun idmançıları da uğurla çıxış edərək fəxri kürsüdə yer alıblar. Klubun üzvləri yarışı 2 qızıl, 3 gümüş və 6 bürünc medalla başa vurublar.
Qızıl medallara Şəlalə Səlimzadə (-70 kq) və Mehdi Cəfərov (-73 kq) layiq görülüb. Mələkxanım Məmmədova (-48 kq), Leyla Əliyeva (-52 kq) və Şamil Qasanov (-100 kq) gümüş medala sahib çıxıblar. Bürünc medalları isə klubun aktivinə Aliyə İsmayılzadə (-48 kq), Xumar Qasımzadə (-52 kq), Emilya Mirzəyeva (-63 kq), Mətanət Məmmədova (-70 kq), Vidad Əliyev (-100 kq) və Əli Mahmudov (+100 kq) yazdırıb. Yarışı 11 medalla başa vuran “Judo Club 2012” klubu bu nəticə ilə ümumi komanda hesabında ikinci yeri tutub.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir 29-30 noyabr – 1 dekabrda keçiriləcək qadınlar və kişilər arasında cüdo üzrə ölkə çempionatına seçim xarakteri daşıyıb.