“Judo Club 2012” üzvləri “Böyük dəbilqə” turnirində 2 medal qazandılar

8.jpg

 

     Bu il fevralın 4-5-də Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri keçirilib. Nüfuzlu yarışda dünyanın 82 ölkəsindən 520 (315 kişi, 205 qadın) cüdoçu mübarizə aparıb. Azərbaycan komandası yarışda 7 çəki dərəsində 9 cüdoçu ilə təmsil olunub. Cüdoçularımızdan Balabəy Ağayev (-60 kq) qızıl, Murad Fətiyev (-90 kq) gümüş, Zelim Kotsoyev (-100 kq) isə bürünc medal qazanıblar.

Mükafatçılardan ikisi  - Murad Fətiyev və Zelim Kotsoyev “Judo Club 2012” idman klubunun üzvləridir. Murad mübarizəyə 1/32 final mərhələsindən başlayıb və ardıcıl olaraq Aydar Arapovu (Qazaxıstan), Pol Kibikaini (Qabon), Loris Tassyeri (Fransa), Tiqo Renesi (Niderland) və Luka Maysuradzeni (Gürcüstan) məğlub edərək finala yüksəlib. O, yalnız həlledici görüşdə niderlandlı Noel Van Endə uduzaraq turnirdə ikinci yeri tutub.

Zelim Kotsoyev isə 1/16 finalda dünya və Avropa çempionatının bürünc mükafatçısı Sedrik Olivara (Fransa), növbəti mərhələdə isə Mərt Şişmanlara (Türkiyə) qalib gəlsə də, 1/4 finalda Cəfər Kostoyevə (Birləşmiş Ərəb Əmirlikləri) məğlub olub. Lakin o, təsəlliverici görüşdə özbəkistanlı Musafferbek Turoboyev üzərində qələbə qazanaraq bürünc medal uğrunda mübarizə aparmaq imkanı əldə edib və  belçikalı Toma Nikiforovla qarşılaşmada güclü olduğunu sübuta yetirib.

 

Oxunma sayı: 368 2023-02-06 12:52:09