"Samuray"lardan "Judo Club 2012"də ustad dərsləri

5.JPG

       Ölkəmiz daha bir turnirə, cüdo üzrə dünya çempionatına uğurla ev sahibliyi etdi. Milli Gimnastika Arenasında təşkil olunan yarışda 125 ölkədən 758 (460 kişi, 298 qadın) idmançı qalib adı uğrunda mübarizə apardı. Çempionatın fərdi yarışlarında komandamızın üzvlərindən Uşangi Kokauri (+100 kq) gümüş, Hidayət Heydərov (73 kq) isə bürünc medal qazandı. Millimiz bu nəticə ilə çempionatının fərdi yarışlarını 11-ci pillədə başa vurdu. Komandamız kişilərin mübarizəsində 6-cı, qadınların yarışında isə 24-cü yerlə kifayətləndi. Bakıdakı dünya çempionatında 125 ölkədən cəmi 22-si medal qazana bildi. Yarışda qazanılan 14 qızıl medaldan yarısı Yaponiyaya komandasına qismət oldu. Cüdonun yaradıcıları qadınların yarışında 5, kişilərin mübarizəsində 2 qızıl medala yiyəldilər. Ümumilikdə 56 medalın 16-sı (7 qızıl, 5 gümüş və 4 bürünc) «Gündoğar ölkə»yə qismət oldu. Bakıya tam heyətlə - 18 cüdoçu ilə gələn Yaponiya yığmasının üzvlərindən yalnız 2-si medalsız qaldı. Yaponiya komandası həmçinin qarışıq komanda yarışlarının da qalibi oldu.

       Məlumat üçün qeyd edək ki, çempionatın lideri olan Yaponiya komandası yarışlara hazırılığın son mərhələsini "Judo Club 2012"nin dünya standartlarına cavab verən məşq bazasında keçib. Sentyabrın 13-dən Bakıya gələn dünya şöhrətli çüdoçular burada yaradılmış şəraiti yüksək dəyərləndiriblər. Klub rəhbərliyi cüdonun vətənindən gələn idmançılara təmənnasız xidmət göstərib. "Cüdo Klub 2012" İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı olmuş  Azər Əsgərovun göstərişi ilə klubda onlar üçün hər cür şərait yaradılıb.

       Azərbaycanda gördükləri qonaqpərvərliyə cavab olaraq Yaponiya komandası çempionat başa çatdıqdan sonra "Judo Club 2012"də ustad dərsləri təşkil etmək barədə təşəbbüs irəli sürüb. Sentyabrın 28-də dünyanın tanınmış yapon cüdo ustaları tərəfindən təşkil olunan utad dərslərində kişilərdən ibarət yığma komandamızın köməkçi məşqçisi Elxan Məmmədov, qadınlardan ibarət millimizin baş məşqçisi Natiq Bağırov, eləcə də ölkəmizin tanınmış klublarından olan məşqçilər, idmançılar və veteran cüdoçular iştirak ediblər.

       Azərbaycan cüdo tarixində ilk dəfə keçirilən bu mötəbər tədbirə tam heyətlə gələn "samuray"lar "Judo Club 2012"nin geniş məşq zalına toplaşmış azərbaycanlı məşqçilər və idmançılar tərəfindən alqışlarla qarşılanıb. Klubun baş məşqçisi, Əməkdar məşqçi Tərlan Həsənov qonaqları salamlayıb, onları Bakıdakı qələbə münasibətilə təbrik edib. Yaponiya komandasına "Judo Club 2012"nin rəhbərliyi adından qiymətli hədiyyə və xatirə vımpelləri təqdim olunub. Sonra cüdonun vətənindən gəlmiş usta idmançılar öz bilik və bacarıqlarını, azərbaycanlı məşqçilər və böyük idmanda ilk addımlarını atan yeniyetmə və gənclərlə bölüşüblər. Ustad dərslərində Yaponiyanın tanınmış 4 usta cüdoçusu - qadınlar arasında Afina-2004 Yay Olimpiya Oyunlarının qalibi, dünya çempionu (2007) Maki Tsukada, dünya çempionu (2010), Asiya Oyunlarının qalibi (2010, 2014) Hiroyuki Akimoto, Afina-2004 Yay Olimpiya Oyunlarının qalibi, dünya çempionu (2003) Keiji Suzuki, üçqat dünya çempionu (1999, 2001, 2003), Sidney-2000 Yay Olimpiya Oyunlarının qızıl medalçısı, Asiya Oyunlarının ikiqat qalibi (1998, 2002) və cüdo üzrə kişilərdən ibarət Yaponiya yığma komandasının baş məşqçisi Kosei İnuyi öz ustalıqlarını nümayiş etdirib, müxtəlif fəndlərin yerinə yetirilməsi barədə nəzəri və praktik tövsiyələr veriblər. "Seoi-nage", "uçi-mata", "tomoe-nage", "de-aşi-barai" fəndlərinin icrasını cüdoçularımıza əyani olaraq göstərən Olimpiya və dünya çempionları həmçinin, azərbaycanlı məşqçilərin suallarını da cavablandırıblar. 

       Ustad dərsləri azərbaycanlı məşqçilər üçün faydalı olmaqla yanaşı, məşq zalına toplaşmış çoxsaylı uşaq və yeniyetmə cüdoçularımızın yaddaşında da unudulmaz hadisə kimi qalıb. Tədbirin sonunda Yaponiya və Azərbaycan cüdoçuları dostluq və əməkdaşlıq əlaqələrini bundan sonra da davam etdirəcəklərini bildiriblər.

       Ustad dərsləri tədbir iştirakçılarının xatirə şəkli çəkdirilməsi ilə başa çatıb.   

       Məlumat üçün qeyd edək ki, Azərbaycanda cüdonun inkişafına və kütləviliyin artırılmasına dəstək vermək məqsədilə altı il əvvəl yaradılmış "Judo Club 2012" qısa müddətdə özünün nailiyyətləri ilə ölkəmizin idman ictimaiyyətinin rəğbətini qazanıb. Klubun ən müasir dünya standartlarına cavab verən məşq bazasında nüfuzlu məşqçilərin yetişdirdiyi idmançılar son vaxtlar cüdo, karate, sambo və digər idman növləri üzrə yerli və beynəlxalq miqyaslı yarışlarda yüksək nəticələr qazanıblar.

       Tədbirdən sonra "Judo Club 2012"nin direktoru Hafis Hacıyev və yaponiyalı cüdoçu Kosei İnuyi təəssüratlarını bölüşüblər.

 

Hafis Hacıyev ("Judo Club 2012"nin direktoru):

- Yaponiya Cüdo Federasiyasının nümayəndələri milli komandanın dünya çempiontına hazılığının son mərhəsini Azərbaycanda  təşkil etmək üçün hələ  iyul ayında ölkəmizə  səfər etmişdilər. Yaponiyalı mütəxəssislər öz tələblərinə və standartlarına uyğun yer seçmək üçün bir sıra idman arenalarına baş çəkib, mövcud vəziyyəti yerində öyrəndikdən sonra yekdilliklə "Judo Club 2012"nin üzərində dayandılar. Qonaqlar buradakı zalların və infrastrukturun cüdo üzrə məşqləri ən yüksək səviyyədə təşkil etməyə imkan verdiyi üçün onları tam qane etdiyini bildirdilər.  "Cüdo Klub 2012" İctimai Birliyinin sədri Azər Əsgərovun səyi nəticəsində yaponiyalı idmançıların dünya çempionatına mükəmməl şəkildə hazırlaşması üçün klubumuzda hər cür şərait yaradıldı. Yaponiya millisi ölkəmizə idmançılar, məşqçilər və yardımçı heyət də daxil olmaqla, ümumilikdə 90-a yaxın nümayəndə ilə gəlmişdi. Klubda onlara təmənnasız xidmət göstərildi. Dünya çempionatından sonra isə yaponiyalı usta cüdoçular klubumuzda ustad dərsləri keçdilər. Ustad dərslərində 100-ə yaxın yeniyetmə, gənc və veteran idmançı iştirak edirdi. Bu tədbirdə təkcə "Judo Club 2012"nin idmançıları deyil, həm də Bakıda fəaliyyət göstərən digər klubların yetirmələri də var idi. Düzdü, idmançılarımız bu fəndləri bilirlər. Lakin cüdonun yaradıcıları tərəfindən fəndlərin incəliklə yerinə yetirilməsi idmançılarımız üçün çox maraqlı idi. İnanıram ki, bu tədbir yeniyetmə və gənc idmançıların təcrübə qazanmasına, fəndlərin daha dəqiq mənimsənilməsinə, həmçinin onların hazırlıq səviyyəsinə müsbət təsir göstərəcək. Çalışacağıq ki, gələcəkdə də tanınmış idmançıların iştirakı ilə ustad dərsləri təşkil edək.

 

Kosei İnuyi (Cüdo üzrə kişilərdən ibarət Yaponiya milli komandasının baş məşqçisi):

- Düzü, Azərbaycanda belə bir infrastrukturun, cüdo mərkəzinin olmasından təəccübləndik. "Judo Club 2012"dəki şəraitdən razı qaldıq. Buna görə də dünya çempionatına hazırlığın yekun həlledici mərhələsini keçmək üçün bu məkanı üstünlük verdik. Bakıda olduğumuz az müddətdə Azərbaycada cüdoya böyük marağın olduğunu gördük. Bu səbəbdən də burada ustad dərsləri keçməyi məqsədəuyğun hesab etdik. Etiraf edim ki, ki, azərbaycanlı idmançılar hər kəs üçün, eləcə də bizim üçün güclü rəqiblərdən sayılırlar. Mən özüm də bir neçə dəfə azərbaycanlı cüdoçularla qarşılaşmışam və həqiqətən çox çətinlik çəkmişəm. Lakin cüdoçularınız nailiyyətləri artırmaq və böyük qələbələr qazanmaq üçün öz üzərlərində çox çalışmalıdırlar.

Oxunma sayı: 1329 2018-09-28 18:23:23