“Judo Club 2012”nin karateçiləri Səudiyyə Ərəbistanı yığması ilə birgə məşq ediblər

0.jpg

       Səudiyyə Ərəbistanının karate (WKF) üzrə böyüklərdən ibarət yığma komandası Azərbaycanda təlim-məşq toplanışında iştirak edib. Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təlim-məşq bazasında keçirilən toplanış Özbəkistanda təşkil olunacaq böyüklər arasında Asiya çempionatına hazırlıq xarakteri daşıyıb.

       İyulun 8-dən 15-dək davam edən təlim-məşq toplanışına “Judo Club 2012”nin gənc karateçiləri də dəvət alıblar. 8 gün davam edən hazırlıqda klubun karate üzrə məşqçisi Namiq Pirverdiyevin yetirmələrindən Fərid Ağayev, Kənan Babayev, Fidan Dadaşova, Nuri Əliyev və Abbas Dadaşov da təcrübələrini artırmaq imkanı qazanıblar. Gün ərzində iki dəfə məşq keçən klubun üzvləri taktiki, texniki və fiziki hazırlıq səviyyələrini yüksəltməyə çalışıblar. Səudiyyə Ərəbistanının yığma komandası ilə birgə keçirilən təlim-məşq toplanışı “Judo Club 2012”nin karateçiləri üçün böyük təcrübə olub.

       Hazırlıq prosesinin sonunda “Judo Club 2012”nin məşqçisi Namiq Pirverdiyev klubun idmançılarını hər zaman diqqətdə saxlayan Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının Prezidenti, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, millət vəkili Ülvi Quliyevə və Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyinə, federasiya prezidenti Yaşar Bəşirova minnətdarlığını bildirib. O, həmçinin yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Anar Allahverdiyev və böyük məşqçi Şahin Xudaverdiyevə klubun idmançılarına göstərdikləri dəstəyə görə təşəkkür edib. Namiq Pirverdiyev belə təlim-məşq toplanışlarının, gənc karateçilər üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

 

 

Oxunma sayı: 1258 2019-07-16 14:21:08