Gürcüstanın Qori şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Kubokuna bu gün yekun vurulub.
Yarışların son günündə Azərbaycan komandası daha bir medal qazanıb. Yeganə medalı millimizin aktivinə “Judo Club 2012”nin istedadlı cüdoçusu Məhərrəm İmamverdiyev yazdırıb. -81 çəki dərəcəsində tatami üzərinə çıxan cüdoçumuz yalnız finalda məğlub olaraq gümüş medala yiyələnib.
Xatırladaq ki, yarışların ilk günündə “Judo Club 2012”nin digər cüdoçusu Nazir Talıbov qızıl medal qazanmışdı.
Beləliklə, iki gün davam edən Avropa Kubokunu Azərbaycan cüdoçuları 1 qızıl, 2 gümüş və bürünc medalla başa vurublar. Komandamızın bu nəticə ilə ümumi komanda hesabında dördüncü, kişilərin mübarizəsində isə ikinci yeri tutub.
Qeyd edək ki, qitə yarışında 15 ölkədən 169 (126 kişi, 43 qadın) idmançı mübarizə aparıb.