Avropa çempionu Fərid Ağayev klub rəhbərliyi tərəfindən mükafatlandırılıb

5.jpg

 

       Bu yaxınlarda Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə və gənclərin 47-ci, 21 yaşınadək karateçilərin isə 12-ci Avropa birinciliyi keçirilib. 52 ölkədən 1155 karateçinin iştirak etdiyi yarışda Azərbaycan idmançıları 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Avropa birinciliyində komandamıza qızıl medal qazandıran idmançılardan biri də “Judo Club 2012”nin yetirməsi Fərid Ağayevdir. 16-17 yaşlı gənclər arasında -76  kq çəki dərəcəsində mübarizə aparan klubun istedadlı karateçisi bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Fevralın 12-də “Judo Club 2012”nin yarış zalında Avropa çempionu Fərid Ağayevlə görüş keçirilib. Tədbirdə "Judo Club 2012"nin direktoru Hafis Hacıyev, klubun karate bölməsinin rəhbəri Gündüz Mahmudov, məşqçisi Namiq Pirverdiyev, idmançılar və valideynlər iştirak ediblər.

Klubun direktoru Hafis Hacıyev tədbirdə çıxış edərək ölkəmizdə idmana dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərildiyini, idmançılarımızın da bu qayğıdan bəhrələnərək beynəlxalq arenalarda uğurla çıxış etdiyini bildirib. Ölkəmizdə idmanın inkişafında və kütləviləşməsində "Judo Club 2012"nin də mühüm rol oynadığını bildirən H.Hacıyev əldə olunan nailiyyətlərin klub rəhbərliyinin idmançılara və məşqçilərə yaratdığı yüksək şəraitin sayəsində qazanıldığını qeyd edib. Avropa çempionatındakı nəticəni yüksək uğur kimi dəyərləndirən klubun direktoru bu nailiyyətin davamlı olacağına inandığını bildirib. "Klub rəhbərliyi idmançıları hər zaman diqqətdə saxlayır, onlardan həm maddi, həm də mənəvi dəstəyini əsirgəmir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Fərid Ağayev kimi istedadlı idmançılar mötəbər yarışlarda medallar qazanırlar. Bu günə qədər klubun karateçiləri ölkədaxili yarışlarla yanaşı, bir sıra beynəlxalq turnirlərdə də uğurlu nəticələr əldə ediblər. Macarıstandakı Avropa çempionatında qazanılan nəticə isə klubun karate bölməsinin ən böyük uğurudur. Şübhəsiz ki, bu qələbədə klub rəhbərliyi ilə yanaşı, məşqçilərin də böyük zəhməti var. Mən bu qələbə münasibəti ilə öz adımdan və klubun təsisçisi "Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Əməkdar idman ustası Azər Əsgərovun adından Fərid Ağayevi və onun məşqçilərini təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram. Bu uğur klubda idmançı və məşqçilərlə işin düzgün şəkildə qurulduğunun bariz nümunəsidir”, - deyə Hafis Hacıyev bildirib.

Klubun karate bölməsinin rəhbəri Gündüz Mahmudov isə çıxışında Fərid Ağayevin 11 ildən artıqdır ki, karate ilə məşğul olduğunu, həmçinin onun qələbəsində məşqçi-müəllimlərinin böyük zəhməti olduğunu vurğulayıb. O, Fərid Ağayev və digər istedadlı idmançılara diqqət və qayğı ilə yanaşdığına görə klubun bütün kollektivinə minnətdarlığını bildirib. 

Tədbirdə çıxış edən klubun karate bölməsinin məşqçisi Namiq Pirverdiyev də Fərid Ağayev haqqında xoş təəssüratlarını söyləyib. O, gənc və istedadlı idmançını təbrik edərək, illərdir çəkdiyi əziyyətin hədər getmədiyini dilə gətirib.

Sonra Fərid Ağayevin anası Xatirə Ağayevə çıxış edərək oğlunun qələbəsində əziyyəti olan hər kəsə minnətdarlığını bildirib.

Çıxışlardan sonra “Judo Club 2012”nin direktoru Hafis Hacıyev Fərid Ağayevə "Judo Club 2012"nin rəhbərliyi adından hədiyyə, xatirə vımpeli və pul mükafatı təqdim edib.

Klubun digər istedadlı karateçisi Abbas Dadaşov da klubun karateçiləri adından Fərid Ağayevə xatirə hədiyyəsi təqdim edib.

Tədbir xatirə şəkli çəkdirilməsi ilə başa çatıb. 

 

Xəbərə aid digər linklər:

Mənbə: https://rakus.az/avropa-cempionu-ferid-agayev-mukafatlandirildi/

 

Oxunma sayı: 1105 2020-02-13 14:48:34