Cüdoçumuzun uğurları

0.jpg

       Ölkəmizdə cüdoya həvəs göstərən gənclərin sayı ildən-ilə artır. Belə gənclərdən biri də Bakı şəhəri 6 saylı tam orta məktəbin şagirdi Əli Arzumanlıdır.
       O, dərslərini yaxşı oxumaqla yanaşı, "Judo Club 2012” idman klubunda Əməkdar idman ustası, usta cüdoçular arasında dördqat Avropa, ikiqat dünya çempionu Zaur Paşayevin rəhbərliyi altında idmanın bu növü ilə məşğul olur. Əli ötən il "Dinamo” İdman Cəmiyyətində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirdə yeniyetmə cüdoçular arasında birinci yerə, Qəbələ şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş yarışlarda isə üçüncü yerə çıxmışdır.
       Yeniyetmə cüdoçu yay tətili günlərində Türkiyə Respublikasının Trabzon Vilayət Gənclər və İdman İdarəsinin dəstəyi ilə Trabzon şəhərində keçirilən İkinci Qaradəniz Trabzon Cüdo Turnirinin iştirakçısı olmuşdur. Trabzon Qaradənizspor, Haçkaspor, Trabzon Böyükşəhər Bələdiyyəspor və Azərbaycan klublarından ibarət ümumilikdə 180 idmançının qatıldığı bu möhtəşəm turnirdə Əli Arzumanlı ölkəmizin idman şərəfini ləyaqətlə qorumuşdur. O, 34 kiloqram çəki dərəcəsində rəqiblərinə qalib gələrək birinci yerə layiq görülmüşdür.
       Azərbaycan bayrağının və dövlət himnimizin sədaları altında Əli Arzumanlıya turnirin qalibi mükafatı təqdim olunmuşdur. Gənc cüdoçunun uğurlu çıxışları və qələbəsi barədə Türkiyədə çıxan gündəlik "Günəbaxış” qəzetində yazı da dərc edilmişdir.

 

 

Mənbə: http://www.azerbaijan-news.az/view-173731/cudocumuzun-ugurlari

Oxunma sayı: 1170 2019-09-13 16:55:19