Gənclərin mənəvi tərbiyəsində idman klublarının da böyük rolu var

4.jpg

          Respublikamızda gənc nəslin sağlamlığı üçün idman təmayüllü müxtəlif klublar, cəmiyyətlər və ocaqlar fəaliyyət göstərir. Bu klublarda gələcəyin Olimpiya, dünya və Avropa çempionları yetişirlər. Təsadüfi deyil ki, bu gün ölkəmizdə genişləndirilən idman infrastrukturuna şəxsi təşəbbüslərlə yaradılan mərkəzlər də öz töhfəsini verir. Müxtəlif idman növləri üzrə fəaliyyət göstərən bu cür mərkəzlər həmin növlərin populyarlığı və kütləviliyini əsas məsələ kimi önə çəkir. Cüdo idman növünün ölkəmizdə populyarlaşmasında və kütləviliyində rol oynayan klublardan biri də "Judo Club 2012”dir.

Bu möhtəşəm klubda uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün hər cür şərait yaradılıb. Klubun yaradıcısı "Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı olan Azər Əsgərovdur. 2012-ci ildə yaradılan klub ölkədə bu idman növünün inkişafı və populyarlaşlmasına töhfələr verir. Klub qısa zaman ərzində yeniyetmə, gənc və veteran idmançıların sevimli məkanına çevirilib. Bu idman ocağında ümumilikdə 500-600 idmançının məşq etməsi üçün hər cür şərait yaradılıb. Hazırda burada müxtəlif yaş qrupları üzrə təxminən 500-dən çox uşaq, yeniyetmə və gənc müxtəlif idman növlərinin sirlərinə yiyələnir. Gün ərzində təşkil olunan məşqlər 5-6 qrup üzrə müxtəlif saatlarda keçirilir. Keyfiyyətli məşq prosesinin təşkili üçün hər cür infrastrukturu olan üçmərtəbəli binada ayrıca idman zalları mövcuddur. Zalların hər biri zəruri məşq avadanlıqları, sanitariya-gigiyena qovşaqları ilə təchiz edilib. Klubda bundan başqa trenajor zalı, futbol və basketbol üçün açıq meydança və tibb məntəqəsi yerləşir. Burada təlim-məşq toplanışları və müxtəlif turnirlərin keçirilməsi üçün də lazımi şərait yaradılıb.

          Bu yaxınlarda "Judo Club 2012”nin icarçı direktoru, Əməkdar məşqçi, cüdo və sambo üzrə idman ustası, təqüddə olan polis polkovniki Hafis Hacıyev ilə görüşüb, klubun fəaliyyəti barəsində məlumat aldıq. Qeyd edək ki, dəfələrlə respublika çempionatlarının, ümumittifaq və beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan müsahibimiz uzun müddət cüdo üzrə yığma komandanın məşqçisi və "Dinamo” idman cəmiyyətinin baş məşqçisi, həmçinin 11 il Polis Akademiyasının fiziki hazırlıq kafedrasının rəisi vəzifəsində çalışıb. Müsahibimiz burada uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığının inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd etdi.

""Judo Club 2012” adından da göründüyü kimi, ölkəmizdə cüdo idman növünün təbliği və kütləviliyinin təmin edilməsinə xidmət edir. Çalışırıq ki, gördüyümüz işlə Azərbaycan idmanına xidmət edək. Biz, həmçinin Azərbaycan Cüdo Federasiyasının ölkəmizdə cüdonun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərə öz əməli işimizlə dəstək olmağa çalışırıq. Bu gün Azərbaycanın cüdo üzrə qadınlardan və veteranlardan ibarət yığma komandalarının üzvləri də klubun zalında təmənnasız məşq edirlər. Bir sözlə, qapımız hər kəsin üzünə açıqdır. Bundan başqa klubda hər həftənin cümə günləri digər klubların idmançılar və məşqçiləri üçün açıq qapı günləri elan etmişik.  Sevindirici haldır ki, təmsilçilərimiz respublika çempionatları ilə yanaşı, beynəlxalq arenalarda da qüvvələrini sınayır, ildən-ilə uğurlarını artırırlar. Klubumuzun üzvləri arasında qazandığı nailiyyətləri ilə gənc nəsilə örnək olan idmançılar var. Yetirmələrimiz dəfələrlə gənclər arasında Azərbaycan çempionatının və Avropa kuboklarının qalib və mükafatçısı olublar. Tam səmimi deyə bilərəm ki, bu gün "Judo Club 2012”nin bu səviyyəyə çatmasında, uğurlarımızın artmasında veteranlar arasında dəfələrlə dünya və Avropa çempionu, cüdo üzrə əməkdar idman ustası Azər Əsgərovun rolu çox böyükdür. Azər Əsgərov bu gün həqiqətən də ölkəmizdə cüdonun inkişafı üçün öz bacarığını əsirgəmir. Bir daha qeyd edim ki, bu klubun ərsəyə gəlməsində və nailiyyətlərin artmasında onun rolu danılmazdır. O, klubda hər bir idmançıya və məşqçiyə diqqət və qayğı ilə yanaşır, onların bütün istəklərini həyata keçirməyə çalışır. Azər Əsgərov həmçinin veteranlar hərəkatının da təsisçisidir. Bir sözlə, bir klub olaraq çalışırıq ki, dövlətin idman siyasətinə öz töhfəmizi verək. Qabaqcıl idman klubu olaraq çalışırıq ki, hər il nailiyyətlərimizi daha da yüksəldək, eyni zamanda uşaq və yeniyetmələrin fiziki inkişafına, onların sağlam ruhda böyüməsinə nail olaq. Bundan başqa çalışacağıq ki, Tokio-2020 və digər Olimpiya Oyunlarında Azərbaycan komandasının heyətində "Judo Club 2012”nin idmançıları da yer alsınlar”, - deyə Hafis Hacıyev bildirdi.

 

 

"Çalışırıq ki, klubda bir ailə mühiti formalaşdıraq”

 

          Əvvəllər klubda cüdo idman növünün inkişafı nəzərdə tutulsa da, zaman keçdikcə müxtəlif idman növlərinə olan tələbat burada da öz əksini tapdı. Artıq klubda günün müxtəlif saatlarında cüdo ilə yanaşı, sambo, karate, aykido, bədii gimnastika və akrobatika növləri üzrə məşqlər keçirilir. "Judo Club 2012”nin icraçı direktoru idman növlərinin sayının artırılması məsələsinə münasibətini belə bildirdi: "Klub yaradılanda əsas məqsəd ondan ibarət olub ki, burada cüdo idman növü inkişaf etdirilsin. Klubda bu gün hər yaş qrupu üzrə idmançılar məşq edirlər. Zaman keçdikcə klubda sambo, karate, aykido, bədii gimnastika və akrobatika bölmələrini yaratdıq. Bu bölmələrin yaradılmasında da müəyyən məqsədlər var. Biz hər zaman çalışırıq ki, klubda bir ailə mühiti formalaşdıraq. Bunun üçün təkcə uşaqlara deyil, onların valideynlərinin məşq etmələrinə də şərait yaradılıb. Məsələn, elə valideynlər var ki, qızını gimnastika, oğlunu isə cüdo bölməsinə yazdırıb.

Həmin valideynlər uşaqlarının məşq saatı ərzində vaxtlarını səmərəli keçirmək üçün özləri də aykido və ya digər idman bölmələrinə yazılaraq məşqlərdə iştirak edirlər. Etiraf edim ki, klubumuzda belə ailələrin sayı kifayət qədərdir. Yəni uşaqlarla yanaşı, valideynlər də klubdakı məşqlərdən yararlanırlar. Bu bizim ən böyük uğurumuzdur. Bir sözlə, "Judo Club-2012” ailəvi klubdur. Elə valideyn var ki, uşağını 5 yaşından cüdo bölməsinə yazdırmaq istəyir. Təbii ki, həmin uşaq məşqlərə cəlb edilməzdən əvvəl tibbi yoxlanışdan keçir. Əgər həmin uşaq cüdo məşqləri üçün hələ tam hazır deyilsə, biz onu akrobatikaya yönləndiririk. Bildiyiniz kimi akrobatika əzələlərin inkişafı və elastikliyi üçün ən yaxşı vasitədir. Yalnız bundan sonra onu cüdo məşqlərinə qəbul edirik.  Bu hal bir növ cüdoya keçid rolunu da oynayır. Bu gün bəzi uşaqlar var ki, digər idman növlərinə maraq göstərirlər. Biz onların bu istəyini nəzərə alaraq karate, sambo və aykido bölmələrini yaratmışıq. Düzünü desəm, biz vaxtında boks, kikboksinq və güləş bölmələrini də yaratmağı düşünürdük. Lakin bunun üçün qarşıya bəzi maneələr çıxdı. Klubda idman növlərinin sayının artırmaqla cüdodan bir qədər uzaqlaşa bilərik. Qeyd etdiyim kimi, biz bu klubda əsasən cüdo idman növünün inkişafı üçün çalışırıq.

         Uşaq və gənclərin fiziki və mənəvi inkişafına nail olmaq hər birimizin borcudur. Biz öz klubumuzda dövlətimiz üçün sağlam vətəndaş, sağlam əsgər hazırlayırıq. Onları mənəvi cəhətdən kamil insan kimi yetişdirməyə çalışırıq. Bunun üçün məncə hansısa idman növü ilə məşğul olmağın fərqi yoxdur. Bütün idman növləri fiziki sağlamlığın daşıyıcısıdır. Təki Azərbaycan gəncləri öz asudə vaxtlarını idmana sərf etsinlər. Şərt o deyil ki, onlar cüdo ilə məşğul olsunlar. Hansı idman növünü seçməsindən asılı olmayaraq, onlar gələcəyin sağlam gəncləri olacaqlar. Bax, budur bizim əsas məqsədimiz”. 

 

 

"Yaxşı idmançı olmaq, yaxşı məşqçi olmaq demək deyil”

 

          "Judo Club 2012” gənc olmasına baxmayaraq artıq öz uğurları ilə digər köklü klublarla rəqabətə girir, nəticələri ilə ilk üçlükdə qərarlaşmağı bacarır. Elə sonuncu yarışlar da bunu deməyə əsas verir. Belə ki, "Judo Klub 2012” komandası kişilər arasında respublika çempionatında üçüncü, yeniyetmələr arasında ölkə birinciliyində isə ikinci yeri tutub. Klubun heyətində Murad Fətiyev, Afiq Səfərli, Məhəmməd Abdullayev, Ayxan Tanverdiyev, Hüseyn Məmmədov, Nicat Məmmədli, Diana Şoranova, Fidan Dadaşova, Fərid Ağayev, Nuri Əliyev kimi perspektivli idmançılar var. Bu idmançılar ötən il ərzində ölkədaxili və beynəlxalq yarışlarda mükafatçılar sırasında yer almağı bacarıblar. Təbii ki, bu uğurların qazanılmasında məşqçilərin də xüsusi əməyi var. Məhz məşqçilərin bacarığı və təcrübəsi sayəsində belə nailiyyətlərə yiyələnmək mümkün olub. Klubda məşq edən idmançılarla peşəkar məşqçi-müəllim kollektivi çalışır. Əməkdar məşqçi Tərlan Həsənov, idman ustaları İlham Cəfərov, Zaur Paşayev, İntiqam Ələkbərov, Qeybulla Əliyev, Vüqar Budaqov, Məmməd Məmmədov, Gündüz Mahmudov, Namiq Pirverdiyev kimi təcrübəli məşqçilər yeniyetmə və gənclərə müxtəlif idman növlərinin sirlərini öyrədirlər. 

 

          Hafis Hacıyev klubun gələcək üçün perspektiv vəd edən idmançılarından danışaraq onların bu nəticələri qazanmasında məşqçilərin rolunun danılmaz olduğunu qeyd etdi. "Sonuncu respublika çempionatında ölkənin ən güclü cüdoçuları iştirak edirdilər. Qeyd edim ki, bu yarışda Ruslan Osmanov bürünc, Murad Fətiyev isə qızıl medala sahib çıxdı. Titulu idmançılar üzərində qələbələrin qazanılması və uğurlu nəticələrin əldə olunması məşqçi-idmançı işinin düzgün qurulmasının göstəricisidir. Bu, o deməkdir ki, klubumuzda yığma komandaya yeni namizədlər yetişir. Təbii haldır ki, uğur qazanmaq üçün təcrübəli məşqçi-müəllimin olması vacib şərtdir. Bu gün klubumuzda öz işinin öhdəsindən gələn peşəkar məşqçilər çalışırlar. İdman ocağında işləyən məşqçilərimizin hər biri idman üzrə ali təhsil almış mütəxəssislərdir. Vaxtilə yığma komandanın üzvləri olan bu məşqçilər həmçinin bir sıra turnirlərin qalib və mükafatçılarının yetişməsində böyük pay sahibi olublar. Bir faktı da diqqətinzə çatdırım ki, yaxşı idmançı olmaq, yaxşı məşqçi olmaq demək deyil. Yaxşı məşqçi olmaq üçün xüsusi qabiliyyətin, bacarığın olmaldır. Ən azından bilməlisən ki, məşq hansı proseslərdən ibarətdir. Bunun üçün pedaqoq olmaq lazımdır. Müəllim uşaqlarla davranış qaydasını bilməli, məşqləri təşkil etməyi bacarmalıdır. Məşqçi heç vaxt uşaqları təhqir edib, onlara qorxu ilə təsir etməməlidir. Əminliklə deyə bilərəm ki, klubumuzda belə hallar yoxdur. Məşq prosesi xüsusi monitorlar vasitəsi ilə həm rəhbərlik, həm də valideynlər tərəfindən onlayn olaraq izlənilir. Bizim digər üstün cəhətimiz isə klubda istər məşqçilər, istərsə də idmançılar arasında nizam-intizam qaydalarına ciddi riayət olunmasıdır. Bu, klubun uğurlarının təməlidir”, - deyə Hafis Hacıyev bildirdi.

 

 

Klubda sağlamlıq və gigiyena məsələsi ön plandadır

 

          Klubda olduğumuz müddətdə fürsətdən istifadə edib, burada yerləşən tibb məntəqəsi ilə də tanış olduq. İdman ocağında həm təmizlik üçün, həm də məşq prosesi zamanı zədə alan idmançılara ilkin müdaxilə göstərilməsi üçün hər cür şəraitin yaradıldığının şahidi olduq. Elə klubun icraçı direktoru da  bizimlə söhbətində tibb məntəqəsinin fəaliyyətindən danışaraq, klubda sağlamlıq və gigiyena məsələsinin ön planda olduğunu vurğuladı: "Gördüyünüz kimi, klubumuzda tibb məntəqəsi də fəaliyyət göstərir. Məşqin qaydalarına görə həkim məşqdən əvvəl hər bir uşağı yoxlayır və sonra onların zala daxil olmasına icazə verir. Klubumuzda hər həftənin cümə günləri sınaq yarışları keçirilir. Bu tipli məşqlərdə idmançıların zədə alma ehtimalları olduğu üçün həkim mütləq zalda olur. Digər hallarda isə həkim tibb məntəqəsində öz işini görür. Onu da bildirim ki, hər zalda ilkin müdaxilə üçün tibbi ləvazimatlar var. Zədələnən və özünü narahat hiss edən idmançı olarsa, dərhal tibb məntəqəsi ilə əlaqə saxlanılır. Bu zaman isə zalda olan tibbi ləvazimatlar və  məşqçinin köməkliyi ilə həmin idmançıya ilkin yardım göstərilir”.  

 

 

“Samuraylar "Judo Club 2012”ni seçdilər

 

          Sentyabr ayında ölkəmizdə keçirilən cüdo üzrə dünya çempionatı zamanı yarışın lideri olan Yaponiya komandası turnirə hazırılığın son mərhələsini "Judo Club 2012”nin dünya standartlarına cavab verən məşq bazasında keçib. Klub rəhbərliyi cüdonun vətənindən gələn idmançılara təmənnasız xidmət göstərib. "Cüdo Klub 2012” İctimai Birliyinin sədri Azər Əsgərovun köməyi ilə klubda onlar üçün hər cür şərait yaradılıb. Yaponiya komandası Azərbaycanda gördükləri qonaqpərvərliyə cavab olaraq çempionat başa çatdıqdan sonra "Judo Klub 2012”də ustad dərsləri təşkil etmək barədə təşəbbüs irəli sürüb. Ustad dərsləri azərbaycanlı məşqçilər üçün faydalı olmaqla yanaşı, məşq zalına toplaşmış çoxsaylı uşaq və yeniyetmə cüdoçularımızın yaddaşında da unudulmaz hadisə kimi qalıb.

          Azərbaycan cüdo tarixində ilk dəfə keçirilən bu mötəbər tədbirə tam heyətlə gələn "samuray”lar, həmçinin Azərbaycan cüdoçularını da öz ölkələrinə dəvət ediblər. Qeyd edək ki, ustad dərslərindən sonra "Judo Klub 2012” adından Yaponiya komandasına qılınc hədiyyə olundu. Yaponiya Cüdo Federasiyasının prezidenti Yamaşita Yasuhiro isə "Judo Klub 2012”-ni təşəkkürnamə ilə təltif edib. Klubun icarçı direktoru idmançılar üçün böyük əhəmiyyət kəsb edən belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini qeyd etdi: "Yaponiya idmançıları yarışa daha yaxşı hazırlaşmaq üçün digər komandalardan tez paytaxtımıza gəlmişdilər. Bildiyimə görə, "Gündoğar ölkədə” 2 milyondan çox əhali cüdo ilə məşğul olur. Burada cüdonun döyünən ürəyi olan "Kodokan” məktəbi fəaliyyət göstərir. Həmin məktəbin müdiri də çempionat çərçivəsində bizim kluba təşrif buyurmuşdu. Məktəbin rəhbəri bizi ölkələrinə dəvət etdi. Biz bu qonaqpərvərliyi təkcə, klubumuz üçün deyil, ölkəmiz üçün etdik. Məlumdur ki, Tokio 2020-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Azərbaycan cüdoçuları da bu yarışlarda iştirak edəcəklər. Düşünürəm ki, bu cüdoçularımızın olimpiadaya daha yaxşı hazırlığı üçün çox gözəl olar”, - deyə Əməkdar məşqçi əlavə etdi.  

 

          "Judo Club 2012” gənclərin vətənpərvər ruhda tərbiyəsinə də xüsusi diqqətlə yanaşır. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş turnirlərin keçirilməsi gənclərin vətənpərvər ruhda böyüməsinə öz töhfəsini verir. Belə turnirlərdən biri də ənənəvi xarakter alan "Raquf Orucov Kuboku” beynəlxalq turniridir. Bu il üçüncü dəfə olaraq 21 yaşlı cüdoçular arasında Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və onun şəhid silahdaşlarının xatirəsinə həsr olunmuş növbəti beynəlxalq turnir təşkil olunacaq. Artıq turnirin hazırlıq işlərinə başlanılıb.

          İnanırıq ki, klubun yetirmələri bu yarışda da öz uğurları ilə onlara bəslənən etimadları doğruldacaqlar.

 

 

Mənbə: http://olimpnews.az/11335/get

Oxunma sayı: 1794 2019-07-07 12:14:04