Tərlan Həsənov: “Çox istəyirəm ki, özüm də Olimpiya çempionu yetişdirim” - MÜSAHİBƏ

3.jpg

          Noyabrın 26-da Azərbaycanın ilk cüdoçularından biri olan Əməkdar məşqçi Tərlan Həsənovun 75 yaşı tamam oldu. Qocaman mütəxəssis bu illər ərzində bir sıra yarışların qalib və mükafatçısı olmaqla yanaşı, xeyli sayda dünya, Avropa çempionları da yetişdirib. Bu günlərdə təcrübəli mütəxəssis Tərlan Həsənovla görüşdük, onu 75 illik yubiley münasibəti ilə təbrik etdik. 

 

- Tərlan müəllim, əvvəlcə sizi 75 illik yubiley münasibəti ilə təbrik edirik. İstərdik ki, qısaca da olsa sizinlə bu 75 ilə səyahət edək.  

- 1942-ci il noyabrın 26-da Qazax rayonunda anadan olmuşam. Ailədə 4 övlad olmuşuq. Atam Əliheydər Həsənzadə və anam Rüxsarə Ağayeva aktyor olublar. Atam Əməkdar artist adını alıb. 1949-cu ildə Bakıya köçdük. Böyük qardaşım Rusiya dövlət mükafatçısıdır, kinemotoqrafiya üzrə mütəxəssisdir. Bacım isə rejissor olub. Yəni belə demək mümkünsə, ailəmiz incəsənətə bağlı olub.

 

- Bəs necə oldu ki, incəsənətə bağlı olan ailədən gələcəyin böyük idmançısı çıxdı?

- Mənim idmana həvəsim üç yaşımdan yaranıb. Çox enerjili uşaq olmuşam. Həmişə özümdən böyük uşaqlarla dalaşırdım və çox vaxt onları döyürdüm. Sonradan ciyərlərimdə xəstəlik yarandı. Səhətimlə bağlı uzun müddət müalicə aldım. Mənə həkimlər idmanla məşğul olmağı qadağan etmişdilər. Lakin idmana olan sevgim sonsuz idi. Buna görə də 14 yaşımda valideynlərimdən icazəsiz sərbəst güləş bölməsinə yazıldım. Mənim ilk müəllimim Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyov oldu. Bir müddətdən sonra Bakı çempionu adını qazandım.

 

- Bəs ailəniz bundan necə xəbər tutdu?

- Bakı çempionu adını qazanandan sonra məşq yoldaşım axşam bizə gələrək əlindəki qəzeti atama göstərərək «Əliheydər dayı, bax, qəzetdə Tərlanın Bakı çempionu olması haqqında məqalə çıxıb» dedi. Amma məşq yoldaşım bilmirdi ki, mənim idmana getməyimi evdə heç kim bilmir. Mən hər dəfə məşqə gedəndə valideynlərimə yalandan deyirdim ki, kitabxanaya gedirəm. Təbii ki, atam mənim idmanla məşğul olmağımdan xəbər tutandan sonra çox acıqlandı. Hətta qayışını belindən çıxararaq məni vurmaq istədi. Mənə dedi ki, «Axı sənə səhətinlə bağlı idman olmaz». Mən atama dedim ki, ata, bəs necə olur ki, xəstə bir uşaq öz çəkisində bütün rəqiblərinə qalib gələrək Bakı çempionu olur? Bu sözdən sonra atam bir qədər təsirləndi və idmanla məşğul olmağıma icazə verdi. Atam həmişə deyirdi ki, uşağın fərsizi pəhləvan olar. Atam heç vaxt həyəcanlandığı üçün mənim yarışıma baxmırdı. Mən məşqçilik edəndə atam mənim məşqimə baxmağa gəldi. Axşam mən evə qayıdanda atam alnımdan öpərək dedi ki, afərin sənə ki, belə bir şərəfli sənət seçmisən. Bu, məni çox ruhlandırdı.    

 

- Bəs, cüdoya marağınız necə yarandı?   

- Belarusda desant qoşunlarında hərbi xidmət edən vaxtı sambo idman növü ilə tanış oldum. Burada həmçinin cüdo növü ilə də tanışlığım oldu. Həmin vaxtı bir söz var idi ki, cüdo kapitalist idman növüdür. Hərbi xidmətdən sonra «Dinamo»da sambo üzrə məşqlərə başladım. Dəfələrlə Bakı və respublika çempionatlarının qalib və mükafatçısı olmuşam. Həmin vaxtı eyni zamanda Rəşid Behbudov adına mahnı teatırında bədii hissənin rəhbəri kimi də işləmişəm. Valideynlərim incəsənət adamları olduğu üçün mən teatır sənətini çox yaxşı bilirdim. Teatırda işləyə-işləyə məşqlərimi davam etdirirdim. 1972-ci ilin avqust ayından «Lokomotiv» İdman Cəmiyyətində cüdo və sambo üzrə məşqçilik etməyə başladım. Həmin vaxtı nə Azərbaycanda, nə də SSRİ-də cüdo yox idi. Sovet samboçuları Avropa çempionatında iştirak edirdilər. Amma cüdo  yapon idman növü olduğu üçün yarışlarda iştirak etməyə icazə vermirdilər. Elə oldu ki, 1972-ci il noyabrın 22-də SSRİ İdman Komitəsinin qərarı ilə bütün SSRİ məkanında cüdonun inkişafına dair qərar qəbul olundu. İki ildən sonra İdman Komitəsinin qərarı ilə məni yeniyetmələr və məktəblilər arasında yığma komandanın baş məşqçisi vəzifəsinə təyin etdilər. Yetirmələrim SSRİ və ümumittifaq yarışlarında iştirak edir və yüksək nailiyyətlər əldə edirdilər.

 

- Hadisələrin tarixləri çox yaxşı yadınızda qalıb. Bunun sirri nədədir?

- Mən Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini bitirmişəm. Tarixçi olduğum üçün yaddaşım çox güclüdür. Hətta indi də tələbələrimin adları, soyadları, təvəllüdləri, çıxış etdikləri çəki dərəcələri və nəticələri yadımdadır.

 

- Övladlarınızdan sizin yolunuzu davam etdirən varmı?

- 1 qızım və 1 oğlum var. Oğlum Tahir mənim yolumla gedib, Əməkdar məşqçidir. Amma hazırda məşqçilik fəaliyyətini dayandırıb və başqa sahədə çalışır. Qızım Nigar isə aktrisadır. 2 qız, 2 oğlan nəvəm var. Təəssüf ki, onların heç biri peşəkar şəkildə idmanla  məşğul olmurlar.     

 

- 75 illik yubileynizi necə qeyd etdiniz?

- Düzü mən heç vaxt ad günlərini təmtəraqlı qeyd edən insan olmamışam. Amma bu dəfə yubileymi məşqçi yoldaşlarım, tələbələrim və dostlarımla restoranda qeyd etdim. Çox maraqlı oldu, 150-yə yaxın qonaq iştirak etdi. Çox sağ olsunlar ki, mənim xoş günümdə köhnə və cavan  tələbələrim, dostlarım ətrafıma toplaşmışdılar, mənə xoş arzularını bildirdilər. Sanki həyatım gözümün qabağında yenidən canlandı.

 

- Tərlan Həsənov yenidən gənc olsa idi, nəyi edərdi və ya nəyi etməzdi?

- Düzdür, başlanğıcda çox səhvlərə yol vermişəm. Amma buna baxmayaraq 1972-ci ildən bu günə kimi, hər gün dayanmadan  tələbələrimə cüdonu sirlərini öyrədirəm. Hər gün demək olar ki, tələbələrə 4 dəfə məşq keçirəm. Məşqçi olmaq çox şərəfli peşədir. İdmanı və məşqçilik peşəsini seçdiyim üçün təəssüflənmirəm. Yenidən gənc olsa idim, yenə də idmanı seçərdim. 

 

- Tərlan müəllim 75 il ərzində yəqin ki, bir çox arzularınız olub. Ən böyük arzunuz nədir?   

- Bu illər ərzində mənim acılı-şirinli günlərim olub. Yetirmələrim arasında dünya, Avropa mükafatçıları çıxıblar. Hətta tələbələrim Olimpiya çempionları yetişdiriblər. Mənim bir arzum var. Çox istəyirəm ki, özüm də Olimpiya çempionu yetişdirim. Təslim olmaq fikrim yoxdur. Mən hələ Allah qoysa yaşayacağam. Olimpiya çempionu yetişdirmək arzumu həyata keçirməyincə dünyadan köçən deyiləm. 

 

Oxunma sayı: 6505 2017-11-28 20:19:49