​​​​​​​“Bir cüdo əfsanəsi” kitabının təqdimat mərasimi keçirilib

27.jpg


     İyunun 1-də paytaxtın tanınmış ictimai məkanlarından olan “Mangal Steak House - Bayıl” restoranının “Bakı” zalında “Azman Holdinq”in təşkilatçılığı ilə Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Həsənovun ömür yoluna və idman karyerasına həsr olunmuş “Bir cüdo əfsanəsi” kitabının təqdimat mərasimi keçirilib.

İdeyası Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova məxsus olan kitabın müəllifi Əməkdar jurnalist Elşən Əliyev, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov, redaktoru Əməkdar jurnalist Yusif Rzayevdir. Kitab “CBS polygraphic production” mətbəəsində yüksək poliqrafik keyfiyyətlə 500 nüsxə tirajla çap olunub. Onu da qeyd edək ki, “Bir cüdo əfsanəsi” “Azman Holdinq”in dəstəyi ilə işıq üzü görən ikinci kitabdır. Bundan əvvəl şirkətin hərtərəfli dəstəyi ilə şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat və döyüş yolundan bəhs edən “Murov qartalı” kitabı nəşr olunub.

Tədbiri “Azman Holdinq”in Media və ictimaiyyətlə əlaqələr üzrə meneceri Xanlar Məmmədov açaraq kitabın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində və  Heydər Əliyev İlində nəşr edilməsinin əlamətdar olduğunu vurğulayıb. Ulu Öndərin Azərbaycanda idmana və idmançılara daim diqqət və qayğı göstərdiyi minnətdarlıq hissi ilə xatırlanıb, respublikamızda cüdo idman növünün də məhz onun siyasi hakimiyyətdə olduğu dövrdə yarandığı bildirilib. Diqqətə çatdırılıb ki, ötən il Azərbaycanda cüdonun kütləvi idman növü kimi təşəkkül tapmasının 50-ci ildönümünün qeyd olunduğu vaxtda Tərlan Həsənovun da 80 illik yubileyi keçirilib. Görkəmli müəllim-məşqçinin Azərbaycan idmanının inkişafındakı xidmətlərini Prezident İlham Əliyev yüksək qiymətləndirib, onu “Şöhrət” ordeninə layiq görüb.

Qeyd olunub ki, Tərlan Həsənov ölkəmizdə cüdo üzrə müəllimlərin müəllimi hesab edilir. Nəşrin ideya müəllifi, özü də Tərlan müəllimin yetirməsi olan Azər Əsgərov kitaba yazdığı ön sözdə ustadını Azərbaycanda cüdonun canlı əfsanəi adlandıraraq, onun yaratdığı məktəbin ənənlərini yaşatmağın və nəsillərdən-nəsillərə ötürməyin vacibliyini göstərib.

Təqdimat mərasimində çıxış edən müəllif Elşən Əliyev deyib ki, Tərlan Həsənovun ömür yolu və idman karyerası indiki və gələcək nəsillər üçün örnəkdir. Tərlan müəllimin kitabın təkcə qəhrəmanı deyil, həm də əsas müəllifi olduğunu vurğulayan müəllif onun fenomenal yaddaş sahibi kimi səciyyələndirib, bunun yaradıcılıq prosesini əhəmiyyətli dərəcədə asanlaşdırdığını bildirib.

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Adil Əliyev, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov, Tərlan Həsənovun yetirmələri – tanınmış idman xadimləri Ağayar Axundzadə, Elçin İsmayılov, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Tərlan Eyvazov və başqaları çıxış edərək, kitabın qəhrəmanı haqqında xatirələrini bölüşüb, onun və yetirmələrinin ölkəmizin ictimai və idman həyatında fəal rolundan bəhs edib, belə dəyərli bir kitabın hazırlanmasında xidməti olanlara təşəkkür bildiriblər.

Tədqimat mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin, Azərbaycan Cüdo Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, Tərlan Həsənovun yetirmələri və ailə üzvləri iştirak ediblər.

 

Oxunma sayı: 591 2023-06-01 20:46:33