V “Raquf Orucov Kuboku” turnirinin təşkilatçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

27.jpg

 

     Qarabağda böyük zəfərimizin başlanğıcı olan aprel döyüşlərinin qəhrəmanlarından biri əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərimizin xatirəsinə həsr edilən V "Raquf Orucov Kuboku" beynəlxalq cüdo turniri start ərəfəsindədir.

Yarışdan əvvəl aprelin 29-da ənənəvi turnirin təşkilatçısı olan "Azman Holdinq"in və "Judo Club 2012" idman klubunun rəhbərləri, həmçinin veteran cüdoçular Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Ardınca ikinci Fəxri xiyabana yollanan iştirakçılar burada Azərbaycanın Milli qəhrəmanları general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər şəhidlərin məzarlarını ziyarət ediblər.

Rəsmi heyət daha sonra Sumqayıt şəhərinə yollanıb. Sumqayıt Şəhidlər xiyabanında davam etdirilən ziyarət zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi ehtiramla yad olunub, polkovnik-leytenant Raquf Orucovun məzarına əklil və gül dəstələri qoyulub. 

Sonra çıxış edən Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Rövşən Məhərrəmov anım mərasimi iştirakçılarına igid zabitin döyüş yolu haqqında məlumat verib.

Ənənəvi turnirin Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərovun təşəbbüsü ilə 2017-ci ildən keçirildiyini deyən R.Məhərrəmov budəfəki yarışın da uğurlu keçəcəyinə inandığını bildirib.

O, çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, rəşadətli ordumuzun sayəsində 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatlarından sonra torpaqlarımızın düşməndən azad edildiyini, suverenliyimizin tam bərpa olduğunu diqqətə çatdırıb.

Ehtiyatda olan polkovnik dövlətimizin böyüməkdə olan gənc nəslinin vətənpərvərlik ruhunda tərbiyəsi üçün bu cür beynəlxalq yarışların təşkilini yüksək qiymətləndirib.

Ənənəvi turnirin artıq beşinci dəfə təşkil olunduğunu diqqətə çatdıran şəhidin qardaşı Zabil Orucov isə yarış təşkilatçılarına minnətdarlığını bildirib.

Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin əldə olunmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açan Z.Oruvov həmçinin aprel döyüşlərinin qəhrəmanı Raquf Orucovun şərəfli ömür və döyüş yolundan da danışıb.

Döyüş meydanında göstərdiyi şücaətin onun ömür yolunun bir hissəsi olduğunu deyən Zabil Orucov qardaşının 26 il Vətənin keşiyində qüsursuz xidmət etdiyini, onun şəhid olduğu günədək bir çox mükafatlara, ölümündən sonra isə “İgidliyə görə” medalına layiq görüldüyünü qeyd edib.

Ziyarət şəhidlərin ruhuna müqəddəs Qurandan ayə oxunması ilə başa çatıb.

Qeyd edək ki, “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirə sabah saat 10:00-da Bakı İdman Sarayında start veriləcək. Beynəlxalq turnirdə Azərbaycan komandaları ilə yanaşı, Türkiyə, Türkmənistan, Macarıstan, Şəxsi Neytral İdmançılar (Rusiya) və Gürcüstanı təmsil edən 15 komanda mübarizə aparacaq.

Saat 16:00-da başlayacaq yarışın açılış mərasimində dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, tanınmış idmançılar iştirak edəcəklər. Açılış mərasimindən sonra 21 yaşadək gənclər (U-21) arasında komanda turnirinin final görüşləri keçiriləcək.

Xatırladaq ki, ilk dəfə 2017-ci ildə keçirilən turnir ardıcıl olaraq, 2018, 2019 və 2023-cü illərdə uğurla təşkil olunub.

Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir

Oxunma sayı: 27 2024-04-29 15:42:47