III “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri başlandı

7.JPG

Cüdo üzrə yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandaları arasında  III “Raquf Orucov Kuboku” beynəlxalq turniri bu gün start götürüb.        

          2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanları, əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və silahdaşlarının xatirəsinə həsr olunan ənənəvi turnirin iştirakçıları, yerli və xarici klubların nümayəndələri, habelə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

         Yarış iştirakçıları sonra Sumqayıta yola düşüblər. Şəhər rəhbərliyi və yerli ictimaiyyət tərəfindən hörmətlə qarşılanan turnir iştirakçıları buradakı Şəhidlər Xiyabanında olub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsinə ehtiramlarını bildirib, onların məzarı üzərinə gül dəstələri düzüblər. Polkovnik-leytenant Raquf Orucovun məzarı önünə əklil qoyulub.

        Anım mərasiminin iştirakçılarına igid zabitin döyüş yolu haqqında məlumat verilib. Azərbaycan Cüdo Federasiyasının rəsmisi Sahib İsmayılov şəhidlik zirvəsinin müqəddəsliyindən danışıb, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu diqqətə çatdırıb. Federasiya nümayəndəsi bildirib ki, şəhidlərin müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq bizim əsas vəzifəmizdir.

        İgid kəşfiyyatçının döyüş yoldaşı, ehtiyatda olan kapitan Rasim Fərşidov isə şəhid polkovnik-leytenant Raquf Orucovla bağlı xatirələrindən danışaraq onun mərd, qəhrəman və vətənini canından çox sevən bir komandir olduğunu bildirib. Rasim Fərşidov Raquf Orucovun 2016-cı il aprel ayının əvvəllərində Tərtər istiqamətində gedən döyüşlərdə  düşmənin cəbhədə yaratdığı təxribatların qarşısının alınmasında fədakarlıq göstərərək şəhid olmasından, onun bir kəşfiyyatçı kimi həyata keçirdiyi uğurlu əməliyyatlar barəsində ətraflı məlumat verib.

          Yarış təşkilatçılarına minnətdarlığını bildirən şəhidin qardaşı Zabil Orucov Qarabağ uğrunda döyüşmüş qəhrəmanların gələcək nəsilə tanıdılmasında bu cür yarışların, tədbirlərin müstəsna rol oynadığını, eyni zamanda hər bir Azərbaycan gəncinin vətənpərvərlik ruhunda böyüməli olduğunu vurğulayıb. Qardaşının 26 il vətənin keşiyində qüsursuz xidmət etdiyini bildirən Zabil Orucov onun şəhid olduğu günədək bir çox mükafatlara, ölümündən sonra isə “İgidliyə görə” medalına layiq görüldüyünü diqqətə çatdırıb.

         Tədbir iştirakçılarının çıxışlarından sonra şəhidlərin ruhuna dua oxunub. Sumqayıtdan qayıdan idmançılar turnirin təşkilatçısı -  “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” klubunda yarışın Hakimlər Komitəsi üzvlərinin nəzarəti altında çəki qeydiyyatından keçiblər.

        Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirin seçmə mərhələsi sabah saat 10.00-dan Bakı İdman Sarayında başlanacaq. Saat 17.00-da isə turnirin rəsmi açılışı keçiriləcək. Sonra finala çıxan komandalar turnirin mükafatları uğrunda mübarizə aparacaqlar.

         Tədbirdə dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, tanınmış idmançılar iştirak edəcəklər.

Oxunma sayı: 1231 2019-04-16 16:58:59