Tərlan Həsənovun fəxri ad alması “Judo Club 2012”də qeyd olunub

0.JPG

       “Judo Club 2012”nin cüdo bölməsi üzrə baş məşqçisi Tərlan Həsənovun Əməkdar bədən tərbiyəsi və idman xadimi adı alması klubda böyük sevinclə qarşılanıb. Bu münasibətə “Judo Club 2012” klubunda təşkil olunan tədbirdə Əməkdar məşqçinin dövlətimiz tərəfindən təltif olunması qeyd olunub. Tədbirdə klubun direktoru Hafis Hacıyev, SSRİ İdman ustası Asif Yusifov, məşqçilər heyəti və idmançılar iştirak edib.

Tədbirdə çıxış edən Hafis Hacıyev bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Tərlan Həsənovun Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Əməkdar bədən tərbiyəsi və idman xadimi adı ilə təltif olunduğunu diqqətə çatdırıb. Əməkdar məşqçinin fəxri ad alması münasibətilə təbrik edən Hafis Hacıyev bildirib ki, ölkə başçısı tərəfindən təltif olunması onun fəaliyyətinə verilən yüksək qiymətdir. Klubun direktoru T.Həsənovun məşqçi işlədiyi müddət ərzində hazırladığı idmançıların SSRİ, Avropa və dünya çempionatlarında, IV İslam Həmrəyliyi Oyunlarında və Avropa kateqoriyalı bir sıra beynəxalq turnirlərdə yüzlərlə müxtəlif əyarlı medallar qazandığını qeyd edib.
Hafis Hacıyev klub rəhbərliyi adından Tərlan Həsənovu təbrik edərək ona məşqçilik fəaliyyətində uğurlar arzulayıb.

Sonda çıxış edən Tərlan Həsənov ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib. O, həmçinin "Cüdo Klub 2012” İctimai Birliyinin sədri, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərov və klubun direktoru Hafis Hacıyevə təşəkkür edib.
Tədbirin sonunda Tərlan Həsənovun fəxri ad alması münasibətilə tort kəsilib.

Oxunma sayı: 1541 2019-12-28 16:16:41