Avropa çempionatında uğurlu nəticə

10.jpg

 

       Fevralın 7-9-da Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə və gənclərin 47-ci, 21 yaşınadək karateçilərin isə 12-ci Avropa birinciliyi keçirilib. 52 ölkədən 1155 karateçinin iştirak etdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi milli komandamız yarışda 30 idmançı ilə təmsil olunub.

3 gün davam edən yarışda Azərbaycan karateçiləri 4-ü qızıl, 1 gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 8 medal qazanıb.

Millimizin aktivinə qızıl medalları 14-15 yaşlı yeniyetmələr arasında Fərid Savadov (-57 kq) və 16-17 yaşlı gənclərin mübarizəsində çıxış edən Sultan Hüseynov (-55 kq), Fərid Ağayev (-76 kq) və Osman Osmanlı (+76 kq) yazdırıb. 16-17 yaşlı gənclər arasında qüvvəsini sınayan milli komandanın digər üzvləri Ayla Rzazadə (-59 kq) gümüş medala layiq görülüb. Bu yaş kateqoriyasında çıxış edən Əminağa Quliyev (-61 kq), həmçinin 18-21 yaşlı gənclər arasında Fidan Teymurova (-50 kq) və Mədinə Sadıqova (-55 kq) qitə çempionatının bürünc medalına sahib çıxıb. 

Beləliklə, Avropa çempionatında uğurla çıxış edən Azərbaycan karateçiləri 4 qızıl, 1 gümüş və 3 bürünc medalla 52 ölkə arasında 3-cü pilləni tutaraq, bu yaş qruplarının tarixində ən yüksək nəticə göstərib.

Qeyd edək ki, Avropa birinciliyində komandamıza qızıl medal qazandıran Fərid Ağayev (-76 kq) “Judo Club 2012”nin yetirməsidir. Qitə birinciliyinin ikinci günündə mübarizə aparan klubun təcrübəli karateçisi ardıcıl olaraq, Serbiya, İtaliya, Kosovo və Makedoniya idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə türkiyəli rəqibi Yaman Alpereni də üstələyən Fərid Ağayev Avropa çempionatının qızıl medalına layiq görülərək Azərbaycan bayrağını yüksəklərə qaldırıb.  

Fərid Ağayevin əldə etdiyi bu qələbədə “Judo Club 2012”nin karate bölməsinin rəhbəri Gündüz Mahmudov və məşqçisi Namiq Pirverdiyevin böyük əməyi var.

 

Yarış haqqında ətraflı məlumatı sportdata.org saytından əldə edə bilərsiniz.  

Link: https://www.sportdata.org/wkf/set-online/popup_mitschrift_main.php?popup_action=mitschriftcatxml&catid=16&verid=378

 

 

Oxunma sayı: 206 2020-02-10 11:01:20