Dekabrın 6-da Bakı İdman Sarayında keçirilən qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışlara yekun vurulub. Final görüşlərindən əvəl çempionatın rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev, icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, federasiyanın İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov, “AZMAN" Holdinq şirkətinin rəhbərliyi, Olimpiya çempionları, həmçinin idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkədə idmana göstərilən dövlət qayğısından bəhs edərək, cüdonun Azərbaycanda yüksək templə inkişaf etdiyini vurğulayıb. Nazir Paris Olimpiadasında Azərbaycan cüdoçularının qazandığı iki qızıl medalı xatırladaraq, bu uğurda federasiyanın rolunu yüksək qiymətləndirib. O, regionlarda yeni idman zallarının istifadəyə verilməsinin cüdonun kütləviləşməsinə mühüm töhfə olduğunu diqqətə çatdırıb.
ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu çıxışında Azərbaycan cüdoçularının beynəlxalq arenada, o cümlədən III MDB Oyunları və VI İslam Həmrəyliyi Oyunlarında qazandıqları nailiyyətlərdən danışıb. O bildirib ki, bu il ölkə cüdoçuları beynəlxalq yarışlarda 76 qızıl, 61 gümüş və 116 bürünc olmaqla, ümumilikdə 253 medal əldə ediblər.
Rəşad Rəsullu çıxışının sonunda çempionatın təşkilinə göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, federasiyanın baş sponsuru “Azercell Telecom”a, həmçinin yarışın sponsoru “AZMAN” Holdinq şirkətinə minnətdarlığını bildirib.
Mərasim çərçivəsində “AZMAN” Holdinq şirkəti cüdonun inkişafına verdiyi töhfələrə görə Azərbaycan Cüdo Federasiyası tərəfindən təltif olunub.
Ardınca Azərbaycan cüdoçularının cari ildə böyüklər, gənclər və yeniyetmələr yaş kateqoriyalarında uğurlu çıxışları ilə bağlı videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsindən sonra final görüşlərinə start verilib. Yüksək yarış standartlarında təşkil olunan çempionatın ikinci günündə 7 çəki dərəcəsi üzrə 93 cüdoçu mükafatlar uğrunda mübarizə aparıb. "Judo Club 2012" klubu fərdi yarışların son günündə 1 gümüş medal qazanıb. Yeganə medalı klubun aktivinə -90 kq çəki dərəcəsində mübarizə aparan Aslan Kotsoyev yazdırıb. Beləliklə, "Judo Club 2012" klubu Azərbaycan çempionatının fərdi yarışlarını 1 qızıl və 4 gümüş medalla başa vurub.
Xatırladaq ki, ilk yarış günündə klubun cüdoçularından Nazir Talıbov (-66 kq) qızıl, Murad Muradlı (-60 kq), Hüseyn Allahyarov (-60 kq) və Rüfət Şövlətov (-73 kq) isə gümüş medal qazanmışdı.
"Judo Club 2012" klubu bu nəticə ilə ümumi medal sıralamasında dördüncü yeri tutub.
Ümumi mükafat fondu 50 min manat olan budəfəki çempionatda paytaxt və bölgələri təmsil edən 50 klubdan 206 (154 kişi, 52 qadın) cüdoçu medallar uğrunda yarışır.
Azərbaycan çempionatına sabah komanda yarışları ilə yekun vurulacaq.
Qeyd edək ki, “AZMAN” Holdinq ardıcıl ikinci ildir ki, cüdo üzrə Azərbaycan çempionatına sponsor dəstəyi göstərir. Şirkətin dəstəyi ölkədə cüdonun inkişafına, gənc istedadların üzə çıxmasına və yerli turnirlərin daha peşəkar şəkildə təşkilinə mühüm töhfə verir.