Meksikanın Qvadalaxara şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinə yekun vurulub. 33 ölkədən 231 (142 kişi, 89 qadın) idmançının mübarizə apardığı yarış Azərbaycan millisi üçün tarixi nəticə ilə yadda qalıb.
Üç gün davam edən Qran-Pridə cüdoçularımız 6 qızıl və 3 bürünc medal qazanaraq ümumi komanda hesabında birinci yeri tutublar. Bu göstərici Azərbaycan cüdo tarixində rekord nəticə kimi qiymətləndirilir.
Yarışın son günündə “Judo Club 2012”nin iki üzvü - dünya, Avropa və Olimpiya çempionu Zelim Kotsoyev (-100 kq) və Murad Fətiyev (-90 kq) mükafatçılar sırasında yer alaraq komandamızın uğurlarında pay sahibi olublar.
Zelim Kotsoyev öz çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Murad Fətiyev isə bürünc medalla kifayətlənib.
Azərbaycan komandasının digər qızıl medalları Balabəy Ağayev (-60 kq), Ruslan Paşayev (-66 kq), Hidayət Heydərov (-73 kq), Vüsal Qələndərzadə (-81 kq) və Uşanqi Kokauri (+100 kq) tərəfindən qazanılıb. Əhməd Yusifov (-60 kq) və Rəşid Məmmədəliyev (-73 kq) isə bürünc medala sahib olublar.