Bu gün Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” İctimai Birliyinin sədri, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Zəlimxan oğlu Əsgərovun doğum günüdür.
Azər Əsgərov 1966-cı il mayın 29-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1975-ci ildən cüdo ilə məşğul olmağa başlayıb və qısa zamanda bu idman növündə öz istedadı və əzmkarlığı ilə seçilməyə başlayıb. Azərbaycan yığma komandasının üzvü olan Azər Əsgərov gənc yaşlarından etibarən həm yerli, həm də beynəlxalq turnirlərdə uğurla çıxış edib.
O, usta cüdoçular arasında keçirilən dünya və Avropa çempionatlarında ölkəmizi yüksək səviyyədə təmsil edib, dəfələrlə bu turnirlərin qalibi və mükafatçısı olub.
Azər müəllim uzun illərdir ki, yalnız idmançı kimi deyil, həm də təşkilatçı və rəhbər kimi ölkəmizdə cüdonun inkişafına böyük töhfələr verir. Onun şəxsi təşəbbüsü ilə 2012-ci ildə təsis edilən “Judo Club 2012” bu gün ölkəmizin aparıcı idman mərkəzlərindən birinə çevrilib. Klub həm istedadlı gənc cüdoçuların yetişdirilməsi, həm də peşəkar idman mühitinin formalaşdırılması baxımından nümunəvi idman məkanlarından biridir.
Azər Əsgərov eyni zamanda veteran idmançılara dəstək göstərir, gənc nəslin formalaşmasında fəal iştirak edir və cüdonun kütləviləşməsi istiqamətində Azərbaycan Cüdo Federasiyasının fəaliyyətinə hərtərəfli töhfə verir.
Azərbaycan cüdosunun inkişafındakı xidmətlərinə görə Azər Əsgərov Azərbaycan Cüdo Federasiyası tərəfindən “Azərbaycan cüdosu - 50” yubiley medalı ilə təltif olunub. 2024-cü ilin sonlarında isə Beynəlxalq Cüdo Federasiyası tərəfindən 6-cı dan dərəcəsinə, ağ-qırmızı kəmərə və beynəlxalq sertifikata layiq görülməsi onun beynəlxalq aləmdə də yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.
“Judo Club 2012” kollektivi olaraq, Azər Əsgərovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
Ad gününüz mübarək, Azər müəllim!