“Ey idman! Sən sülhsən!”

7.jpeg

 

     “Paris-2024”də iştirak edəcək Azərbaycan Olimpiya komandasının yolasalma mərasimi keçirilib. Qarşıdan gələn Yay Olimpiya Oyunlarında ölkəmizdən 48 idmançı iştirak edəcək. Parisdə keçirilən açılış mərasimində Azərbaycan bayrağını daşımaq şərəfi cüdoçu Gültac Məmmədəliyevaya və boksçu Məhəmməd Abdullayevə həvalə olunub.

Olimpiya Oyunları idman aləmində ən əlamətdar hadisələrdən biridir. Onlar dörd ildən bir keçirilir və dünyanın hər yerindən müxtəlif idman növlərində ölkələrini təmsil edən idmançıları bir araya gətirir. Oyunlar beynəlxalq əlaqələri, xalqlar arasında mədəni mübadiləni və qarşılıqlı anlaşmanı gücləndirməyə kömək edir, milyonlarla insanı yüksək nəticələr əldə etməyə və mükəmməlliyə can atmağa ruhlandırır.
Oyunlara təkcə idmançılar tərəfindən deyil, idmansevərlər tərəfindən də xüsusi münasibət var. Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin, ev sahibliyi edən ölkənin mədəniyyətini nümayiş etdirən mühüm ənənədir.
XIX əsrin sonlarında Pyer de Kuberten tərəfindən əsası qoyulan olimpiya hərəkatı qədim yunan ənənələrinə əsaslanır. Əsas ənənələrdən biri sülh, birlik və xalqlar arasında dostluq rəmzi olan Olimpiya məşəlinin alovlandırılmasıdır. Olimpiya məşəli Yunanıstanda alovandırılır və estafetlə oyunların keçirildiyi yerə aparılır. Olimpiya Oyunları zamanı düşmən tərəflər arasında atəşkəs elan edilir və onu pozanlar cəzalandırılırdı. Təəssüf ki, indi bu prinsiplərə heç də həmişə əməl edilmir, lakin ən azı Olimpiya Oyunları zamanı silahlı münaqişələrin dayandırılması üçün səylər göstərilir. Siyasi baxışların fərqliliyinə, müxtəlif geosiyasi maraqlara və mental xüsusiyyətlərə baxmayaraq, müxtəlif regionların nümayəndələrini idmana məhəbbət birləşdirir ki, bu da dünyanı yaxşılığa doğru dəyişdirir.
İdman ədalət, dürüstlük, əzmkarlıq və güc dünyasıdır, elə bir dünya ki, orada ruhu güclü olan hər kəsin yeri var. “Ey idman! Sən sülhsən!” – baron Pyer de Kubertenin bu kəlamı bütün dünya xalqlarının dinc yanaşı yaşamasının şüarına çevrildi. Əslində, belə olmalıdır, amma təəssüf ki, dünya heç vaxt ideal olmayıb.
Olimpiya Oyunları 200-dən çox ölkədən idmançıları bir araya gətirməklə öz miqyasına və beynəlxalq əhəmiyyətinə görə digər yarışlardan fərqlənir. Məncə, hər bir idmançı Olimpiya Oyunlarında iştirak etməyi arzulayır. Vəziyyət elə gətirdi ki, şəxsən mən bir idmançı kimi Olimpiadada iştirak edə bilmədim, lakin olimpiya idman mübarizəsini, təbii ki, ilk növbədə cüdoçular arasında yarışları həmişə böyük səbirsizliklə izləmişəm. Cüdoçu üçün hər hansı bir yarış, ilk növbədə, imtahandır, öz imkanlarını sınamaq imkanıdır, bayramdır, lakin Olimpiya Oyunlarına münasibət xüsusilə həssas, həyəcanlı, sevindiricidir.
Azərbaycanda Olimpiya hərəkatının əsl yüksəliş dövrü möhtərəm Prezident cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri seçilməsindən sonra başlanıb.
Bir mühüm faktı qürur hissi ilə xatırlatmaq istərdim: dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycana ilk Olimpiya qızılını məhz şanlı-şöhrətli cüdoçumuz, mənim əziz dostum Nazim Hüseynov gətirib. O, 1992-ci ildə Barselonada (İspaniya) keçirilən XXV Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq adını Azərbaycan idmanının tarixinə qızıl hərflərlə yazdırıb.
Sonra cüdoda 16 ilə qədər davam edən bir durğunluq dövrü oldu. Və yalnız Prezident İlham Əliyev Azərbaycan MOK-un rəhbəri olduqdan sonra cüdomuzda dirçəliş başladı.
Azərbaycan cüdosunun daha bir görkəmli nümayəndəsi Elnur Məmmədli isə 2008-ci ildə Pekin (Çin) Yay Olimpiya Oyunlarının çempionu oldu. Sonrakı olimpiadalarda medal qazanmış cüdoçularımız Mövlud Mirəliyev (Pekin 2000), İrina Kindzerskaya (Tokio 2020), Elmar Qasımov, Rüstəm Orucov da (Rio-de-Janeyro 2016) ölkəmizdə cüdonun inkişafına layiqli töhfə veriblər.
Təbii ki, Paris Olimpiadasında yüksək nailiyyətlər qazanacağına böyük ümid bəslədiyimiz idmançılarımız arasında yenə də Azərbaycan cüdo ailəsinin üzvləri var. Ölkəmizi cüdo yarışlarında 7 kişi, 2 qadın idmançı təmsil edəcək. Onların arasında “Judo club 2012”nin nümayəndəsi Zelim Kotsoyevin də olması məni xüsusilə fərəhləndirir.
Fransada Azərbaycan bayrağının qaldırılması, Dövlət Himnimizin səsləndirilməsi üçün hər bir idmançımızın fədakarlıq göstərəcəyinə inanıram və o qürurlu anı birlikdə yaşamağımız üçün Allaha dualar edirəm!
Biz müxtəlif idman növlərinin təmsilçilərindən parlaq olmpiya qələbələri, medallar, belə mötəbər turnirdə layiqli iştirak gözləyirik. Uğur olsun!

 

Azər Əsgərov

Oxunma sayı: 162 2024-07-18 18:01:55