Fevralın 1-də cüdo üzrə 21 yaşadək gənclər arasında ölkə birinciliyinə start verilib. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışın ilk günündə qızlar və oğlanlar arasında 7 çəki dərəcəsində 110 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Birincilikdə iştirak edən “Judo Club 2012”nin gənc cüdoçuları ilk yarış gününü bir dəst medalla başa vurublar. Qızıl medalı klubun aktivinə -73 kq çəki dərəcəsində tatami üzərinə çıxan Mehdi Cəfərov yazdırıb. Klubun digər üzvlərindən Fəqan Məmmədli (-73 kq) gümüş, Leyla Atayeva (-63 kq) isə bürünc medal qazanıb. -63 kq çəki dərəcəsində qüvvəsini sınayan Emilya Mirzəyeva isə beşinci yerlə kifayətlənib. Çempionatın fərdi yarışlarına sabah yekun vurulacaq. Fevralın 3-də isə cüdoçular komanda yarışlarında mübarizə aparacaqlar.