Gənc cüdoçumuz Berlində fəxri kürsüdə yer aldı

0.jpg

 

     Almaniyanın paytaxtı Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku turniri keçirilib. 29 ölkədən 288 (201 oğlan, 87 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Qızlar və oğlanlar arasında 7 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunan komandamız yarışı 2 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Mükafatçılar arasında “Judo Club 2012”nin yetirməsi Süeyman Əliyev də yer alıb. -73 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz gümüş medal qazanmaqla komandamızın uğurunda pay sahibi olub. Mübarizəyə 1/16 finaldan başlayan S.Əliyev ardıcıl olaraq Artur Akopyan (Almaniya), Ohad Moritz (İsrail), Maksim Malş (Almaniya) və Mariyan Palevə (Bolqarıstan) qalib gələrək finala vəsiqə əldə edib.  Həlledici görüşdə digər Azərbaycan idmançısı Vüsal Qələndərzadəyə məğlub olan cüdoçumuz gümüş medala sahib çıxıb. 
Avropa Kubokunu 7 medalla başa vuran komandamız ümumi medal sıralamasında 3-cü yeri tutub.  
Qeyd edək ki, cüdoçularımız yarışdan sonra Berlində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.

Oxunma sayı: 440 2023-08-02 21:07:19