İnam və minnətdarlığın təntənəsi

0.jpg

 

     Bizim, Azərbaycan vətəndaşlarının növbəti 7 il müddətinə ölkə Prezidenti seçdiyimiz gün – 2024-cü il fevralın 7-si təhlükəsizlik və sabitlik, inkişaf və tərəqqi naminə ümumxalq səsverməsi günü kimi tarixə düşəcək. Və biz İlham Əliyevə səsimizi verərkən əmin idik ki, ölkəmizin daha da güclənməsinə və çiçəklənməsinə, bəzi ölkələrin ikili standartlar siyasəti ilə üzləşdiyimiz bir şəraitdə cəsarətli liderlik nümunəsi göstərən rəhbərə səs veririk.
Seçki günü ictimai-siyasi həyatımızda əlamətdar hadisəyə çevrildi. Bu, dövlətimizin fəaliyyətdə olan başçısının əsl zəfər günü idi. Şəxsən mən əvvəllər seçki günündə səs verməyə bu qədər insanın – seçicinin gəldiyini görməmişdim. Etiraf edim ki, yüksək əhval-ruhiyyə ilə seçki məntəqəsinə gedərkən gördüyüm mənzərədən xalqımıza, onun rəhbərinə, ölkəmizə görə qürur hissi keçirdim.
Ən xoş və heyrətamiz hal isə səsvermənin ilkin nəticələrinin açıqlanmasından sonra xalqın, sözün əsl mənasında, küçələrə axışması oldu. Gecə Azərbaycanın hər yerində əsl ümumxalq şənliyi vardı: Bakının, Gəncənin, Şuşanın və digər şəhərlərimizin küçələrində bayraqlarla bəzədilmiş avtomobillərin siqnal səsləri ətrafa yayılır, hər tərəfdə musiqi sədaları ucalır, adamlar rəqs edirdilər.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə hörmət və minnətdarlıq əlaməti olaraq xalq öz sevgisini belə ifadə edir, onun seçkilərdə qələbəsinə ürəkdən sevinirdi.
Bu cür ümumxalq sevincini gördüyüm üç hadisə yadımdadır: 2016-cı ilin aprelində 4 gün ərzində erməni işğalçı ordusunun məğlubedilməzliyi mifinin darmadağın edilərək ərazilərimizin bir hissəsinin azad olunmasından; 2023-cü ildə 44 günlük müharibədə möhtəşəm Zəfərin qazanılmasından və Azərbaycanın bütün işğal olunmuş ərazilərinin erməni təcavüzkarlarından tam azad edilməsindən, bir də bu il fevralın 7-də axşam seçkilərin ilkin nəticələrinin açıqlanmasından sonra…
Fevralın 7-də keçirilən seçkilərdə İlham Əliyevə ümumxalq dəstəyinin verilməsi onun Azərbaycanın bütün sahələrdə müasir nailiyyətlərə yol açan müdrik siyasətinə, strateji proqram və layihələrinə böyük inamımızın, minnətdarlığımızın və sonsuz etibarımızın sübutudur.
Ölkəmizdə və bütün dünyada hər kəs bilir ki, son illərdə Azərbaycan necə dəyişib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursunu davam etdirən İlham Əliyev dövlətçiliyin əsaslarının möhkəmləndirilməsinə, iqtisadiyyatın çoxsaylı sahələrinin müasirləşməsinə imkan verən dəyişikliklər və islahatlar həyata keçirib. Bu illər ərzində onun fədakarlığı, qətiyyəti, yüksək siyasi mədəniyyəti və xalqın səsini eşitmək bacarığı sayəsində böyük siyasət və iqtisadiyyat aləmində nüfuz sahibi olan güclü dövlət qurulub. İlham Əliyevin Azərbaycan xalqının hərtərəfli dəstəyini qazanmış, Vətənin təhlükəsizliyinin və sabit inkişafının təmin edilməsinə yönəlmiş prinsipial və müstəqil siyasi qərarlarını, ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə bağlı güzəştsiz mövqeyini xüsusilə qeyd etmək istərdim. Hazırkı seçkilərdə verdiyimiz səslər bir daha bariz şəkildə sübut edir ki, biz hamımız Azərbaycan Prezidenti cənab İlham Əliyevlə çiyin-çiyinəyik və onunla hər cür sınaqdan çıxmağa hazırıq.
Növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə dünyanın müxtəlif ölkələrindən, dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri tərəfindən İlham Əliyevə ünvanlanan təbriklərdə onun yüksək siyasi nüfuzu Azərbaycanın davamlı sosial-iqtisadi inkişaf xəttinə xalq dəstəyi səmimi şəkildə etiraf olunur, Prezidentimizə xoş arzular bildirilir…
Mən 2024-cü il fevralın 7-ni xalqın öz liderinə – Prezident İlham Əliyevə inamının təntənəsi və minnətdarlığı günü hesab edirəm!

Azər Əsgərov

Oxunma sayı: 352 2024-02-14 11:50:19