Mayın 17-də Abşeron Olimpiya İdman Kompleksində keçirilən U-20 gənclər arasında ne-vaza üzrə ACF Kuboku “Judo Club 2012” üçün əlamətdar uğurla yadda qaldı. Gənc istedadlarla zəngin olan klub yarışda 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq ümumi komanda hesabında birinci yeri tutdu.
Komandanın aktivinə qızıl medalları Aliyə İsmayılzadə (-52 kq), Şəhla Rzayeva (-57 kq) və Şamil Qasımov (-100 kq) yazdırdı.
Leyla Əliyeva (-57 kq) və Elşən Fərzəliyev (-100 kq) gümüş medallarla təltif olundular. Bürünc medala layiq görülən Mətanət Məmmədova (-63 kq), Əlimöhsün Hacıyev (-66 kq), Xalid İliyasov (-90 kq) və Fərid İsmaylov (-100 kq) da klubun uğurlu nəticəsinə dəyərli töhfələr verdilər.
Qeyd edək ki, yarışda ümumilikdə 34 klub və idman cəmiyyətindən 136 (114 oğlan, 22 qız) cüdoçu 12 çəki dərəcəsində qüvvəsini sınadı.
Cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yer (parter) texnikalarını inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi effektiv şəkildə məğlub etmək üçün vacib strategiyaların formalaşmasında mühüm rol oynayır.