“Judo Club 2012” klubu Azərbaycan çempionatına 4 medalla başladı

21.jpg

 

Dekabrın 5-də Bakı İdman Sarayında cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatına start verilib. İlin ən böyük yerli cüdo turnirində 50 klub və idman cəmiyyətindən 206 cüdoçu (154 kişi, 52 qadın) ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparır.
Yarışların ilk günü qadınlar və kişilər arasında 7 çəki dərəcəsində 107 cüdoçu tatami üzərinə çıxıb. Qadınlarda -63 kq, -70 kq, -78 kq və +78 kq, kişilərdə isə -60 kq, -66 kq və -73 kq kateqoriyalarında mükafatçılar müəyyənləşib.
Final görüşlərindən əvvəl Dan dərəcələri üzrə təltifetmə mərasimi keçirilib. Mərasimdə Azərbaycan cüdosunun inkişafına verdiyi töhfə, göstərdiyi dəstək və fədakarlığa görə "AZMAN" Holdinqin mətbuat meneceri Xanlar Məmmədova fəxri V dan dərəcəsi təqdim edilib.
Turnirin ilk günündə “Judo Club 2012”nin idmançıları 1 qızıl və 3 gümüş medal qazanıblar. -66 kq çəki dərəcəsində klubun iki üzvü - Nazir Talıbov və Hüseyn Allahyarov finalda bir-birilərinə rəqib olublar. Gərgin və maraqlı mübarizə ilə yadda qalan görüşdə Nazir Talıbov qızıl, Hüseyn Allahyarov isə gümüş medala sahib çıxıb.
Digər gümüş medalları isə klubun aktivinə Murad Muradlı (-60 kq) və Rüfət Şövlətov (-73 kq) yazdırıb. Beləliklə, günü 4 medalla başa vuran “Judo Club 2012” klubu hazırda ümumi medal sıralamasında birinci pillədə qərarlaşır.  
Azərbaycan çempionatı dekabrın 7-də keçiriləcək komanda yarışları ilə başa çatacaq.
Qeyd edək ki, “AZMAN" Holdinq şirkəti ardıcıl ikinci ildir ki, cüdo üzrə Azərbaycan çempionatına sponsor dəstəyi göstərir. Bu dəstək ölkədə cüdonun inkişafına, gənc istedadların üzə çıxmasına və yerli turnirlərin daha yüksək peşəkarlıqla təşkilinə önəmli töhfə verir.

Oxunma sayı: 43 2025-12-05 22:17:37