“Judo Club 2012” klubu ötən ili 117 medalla başa vurub

34.jpg

 

     Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, ən nüfuzlu beynəlxalq və regional yarışlara ev sahibliyi edir. Möhtərəm Prezident cənab İlham Əliyev həm də Milli Olimpiya Komitəsinin rəhbər kimi ölkəmizdə idmanının inkişafına xüsusi diqqət yetirir, idmançılarımızın yarış meydanlarında yüksək nəticələr göstərməsinə, onların sosial müdafiəsinin təşkilinə hərtərəfli dəstək verir, şərait yaradır.

Yola saldığımız 2024-cü ildə Azərbaycanın idmanında əlamətdar hadisələr baş verib. İlk növbədə, dünyanın ən mötəbər idman tədbirində - bu il Paris şəhərində keçirilən 33-cü Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının 7 medal qazandığını, bu meallardan 2-sinin qızıl olduğunu, həmin qızıl medalları da ölkəmizə məhz cüdoçularımız Hidayət Heydərovun və Zelim Kotsoyevin gətirdiklərini xüsusi qeyd etmək olar. Möhtərəm Prezidentin “Şöhrət” ordeni ilə təltif etdiyi bu iki idmançıdan birinin - Zelim Kotsoyevin “Judo Club 20212”nin üzvü olması klub üçün qürurverici amildir.

2024-cü ildə “Judo Club 2012”nin fəaliyyətə başlamasının 12 ili tamam olub. Ötən müddət ərzində xeyli uğurlu nəticələr qazanılıb. Bütün yaş qrupları üçün əlverişli və rahat məşq şəraiti olan “Judo Club 2012”  Azərbaycan idmanının, xüsusən də, cüdonun inkişafına daim öz töhfəsini  verməyə çalışır. Əldə edilən nailiyyətlərdə klubun təsisçisi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, cüdo üzrə veteranlar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərovun xidmətləri danılmazdır.

“Judo Club 2012”də eyni vaxtda 500-600 idmançının məşq etməsi üçün hər cür şərait yaradılıb. Əsas fəaliyyət istiqaməti cüdo olsa da, klubda karate, aykido, ciu-citsu və akrobatika üzrə bölmələr də fəaliyyət göstərir. Mövcud maddi-texniki baza hər bir idman növü üzrə məşqlərin müasir tələblər səviyyəsində aparılmasına, idmançıların ümumi və xüsusi fiziki hazırlıqlarının inkişaf etdirilməsinə, təlim-məşq toplanışlarının və müxtəlif turnirlərin keçirilməsinə imkan verir.

Klubun 2024-cü ildəki fəaliyyətinin yekunları barədə danışarkən, təbii ki, idmançılarımızın müxtəlif səviyyəli yarışlarda qazandıqları nailiyyətlərə diqqət yetirmək lazım gəlir:  Bu il idmançılarımız cüdo, karate və akrobatika idman növləri üzrə yarışlarda ümumilikdə 41-i qızıl, 28-i gümüş və 48-i bürünc olmaqla 117 medal qazanıblar.

Əlbəttə, medalların əksəriyyəti – 102-si (34 qızıl, 22 gümüş, 46 bürünc) cüdoçularımızın payına düşür. Onlar Bakı və Azərbaycan birinciliklərində, Azərbaycan Cüdo Federasiyası (ACF) Kuboku yarışlarında, həmçinin beynəlxalq arenalarda klubun idman şərəfini layiqincə qoruyublar. Təmsilçilərimiz həmçinin bu növ üzrə keçirilən komanda yarışlarında da uğurlu çıxış ediblər.

Bu ilki respublika çempionatında idmançılarımızın qələbələri xüsusilə yaddaqalan olub. Onlardan bir neçəsi fərdi yarışlarda yüksək nəticələr göstərib. Klubun tarixində ilk dəfə olaraq, komanda yarışlarında  kişilərdən ibarət komandamız (Hüseyn Allahyarov, Nazir Talıbov (hər ikisi -66 kq), Mehdi Cəfərov (-73 kq), Məhərrəm İmamverdiyev, Süleyman Əliyev (hər ikisi -81 kq), Murad Fətiyev, Aslan Kotsoyev (-90 kq), Şamil Qasımov, Qurban Məmmədli (hər ikisi +90 kq)) birinci yeri, qadınlardan ibarət komandamız (Leyla Əliyeva, Mələkxanım Məmmədova (hər ikisi -52 kq), Fidan Əlizadə (-57 kq), Leyla Atayeva (-63 kq), Mətanət Məmmədova, Şəlalə Səlimzadə (hər ikisi -70 kq), Pərvanə Abdullayeva (+70 kq) üçüncü yeri tutub.

Sözsüz ki, klubumuzun idmançıları arasında bu il ən yüksək nailiyyəti, Paris Olimpiadasının qalibi Zelim Kotsoyev qazanıb. O, -100 kq çəki dərəcəsində dünyanın ən güclü cüdoçusu olduğunu bir daha təsdiqləyib.

Zelim, həmçinin, bu ilin may ayında Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medala layiq görülüb. O, hazırda Hidayət Heydərovla yanaşı, Avropa, dünya və Olimpiya çempionluğunu qazanan iki Azərbaycan cüdoçusundan biridir.

Klubun digər istedadlı yetirməsi Murad Fətiyev (-90 kq) isə bu ilin fevral ayında Bakıda təşkil olunan “Böyük Dəbilqə” turnirində qızıl, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən analoji yarışda isə bürünc medala sahib olub. O, həmçinin ilin sonunda keçirilən böyüklər arasında Azərbaycan çempionatının həm fərdi, həm də komanda yarışlarının qalibi olub.

Digər cüdoçularımızdan Camal Qamzatxanov (+100 kq) Bakıdakı “Böyük Dəbilqə” turnirində gümüş, Səid Mollayi isə Portuqaliyada keçirilən Qran-Pridə bürünc medala yiyələniblər. 

“Judo Club 2012”nin gənc cüdoçuları da bu il qazanılan uğurlarda pay sahibi olublar. Onlardan Fidan Əlizadə (-57 kq) bu ilin sentyabr ayında Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa birinciliyində, eyni zamanda noyabr ayında Polşanın Pila şəhərində təşkil olunan 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatında qızıl medal qazanıb. O, həmçinin bu il böyüklər arasında Azərbaycan çempionatının fərdi yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medal əldə edib.

Klubun digər istedadlı üzvü Hüseyn Allahyarov (-60 kq) Polşada 23 yaşa qədər cüdoçular arasında keçirilən Avropa çempionatında və böyüklər arasında Azərbaycan çempionatında qızıl medal qazanıb. O, həmçinin kişilər arasında keçirilən ACF turnirlərində 3 qızıl medala layiq görülüb.

Gənc və perspektivli idmançılardan olan Tuncay Şamil (-90 kq) də bu il öz uğurları ilə fərqlənməyi bacarıb. Estoniyada keçirilən Avropa birinciliyində bürünc medal əldə edən Tuncay bu il eyni zamanda Almaniyada beynəlxalq Masters turnirində də bürünc medala yiyələnib. Onun il ərzində əldə etdiyi medallar arasında İspaniya və Avstriyadakı Avropa Kuboklarında qazandığı medallar da var. İspaniyada bürünc medal qazanan Tuncay Şamil Avstriyada çempion olub. O, bundan başqa U-21 gənclərin ölkə birinciliyində də gümüş medal qazanıb.

Almaniyanın Berlin şəhərində keçirilən Masters turnirində “Judo Club 2012”nin istedadlı üzvü Süleyman Əliyev (-73 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Klubun digər üzvü Məhərrəm İmamverdiyev (-81 kq) isə Varşava Açıq Avropa turnirində qızıl, Azərbaycan çempionatında isə bürünc medala yiyələnib.

Bundan başqa, klubun idmançılarından Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında Məhəmməd Ağakişiyev (-73 kq) qızıl, Səid Şərifov (-73 kq) gümüş, Zeyd Ələsgərov (-60 kq) isə bürünc medal əldə edib. Zeyd Ələsgərov və Səid Şərifov həmçinin noyabr ayında Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa Kubokunda da mükafatçılar sırasında yer alıblar. Zeyd həmin yarışda qızıl, Səid isə gümüş medala sahib çıxıb.

“Judo Club 2012” klubu bu il həmçinin V “Raquf Orucov Kuboku” turnirində də uğurla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Beynəlxalq yarışlardan danışarkən Türkiyənin İstanbul şəhərində keçirilən cüdo üzrə “Kocaeli Prezident Kuboku” turnirini də qeyd etmək olar. Yeniyetmə cüdoçularımız beynəlxalq turnirdə uğurla çıxış edərək, 1 qızıl, 2 gümüş və 5 bürünc medala sahib çıxıblar. Komandamıza qızıl medalı -30 kq çəki dərəcəsində Ammar Məmmədov qazandırıb. Ömər Atayev (-66 kq) və İsgəndər Nuruzadə (-73 kq) gümüş, Məhəmməd Baloğlanov (-30 kq), İbrahim Qocayev (-30 kq), Emil Babayev (-55 kq), Maarif Hacızadə (-60 kq) və Camal İsmayılzadə (-73 kq) isə bürünc medallara layiq görülüblər. Klubun idmançıları həmçinin yarışdan sonra İstanbulda təlim düşərgəsində də iştirak ediblər.

“Judo Club 2012”nin cüdoçuları bu il kata yarışlarında da mükafata layiq yerlər tutublar. Mayın 1-də ilk dəfə cüdo idman növündə kata üzrə 18 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyində klubun üzvlərindən Cavanşir Comərdov (Tori) və Fazil Hüseynov (Uke) cütlüyü gümüş, Ayxan İslamlı (Tori) və İsmayıl Rəhimli (Uke) cütlüyü isə bürünc medala sahib çıxıb. 
Klubun veteranları da 2024-cü ili medallarla başa vurublar. Fevral ayında Latviyanın paytaxtı Riqada usta cüdoçular arasında Avropa Kuboku yarışında “Judo Club 2012”nin iki üzvü Zaur Bağırov (M4, +100 kq) və İmran İmanov (M1, -100 kq) qızıl medala layiq görülüb. Noyabrın 4-7-də Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçirilən usta cüdoçular arasında dünya çempionatında isə klubun cüdo bölməsi üzrə məşqçisi İntiqam Ələkbərov (M3, -100 kq) bürünc medal qazanıb.

“Judo Club 2012” klubu idmançıların yarışlarda iştirakını təmin etməklə yanaşı, kütləvilik üçün bir sıra mötəbər tədbirlərin uğurlu təşkilatçılığı ilə də yadda qalıb. Əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr olunmuş, 20 yaşadək gənclər arasında V “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri belə mötəbər yarışlardan sayıla bilər. Bakı İdman Sarayında yüksək səviyyədə təşkil olunan klublararası turniri klubumuz tərkibinə daxil olduğu “Azman Holdinq”lə birgə, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edib. Yarışda Azərbaycanla yanaşı, müxtəlif xarici dövlətləri təmsil edən klub komandaları mübarizə aparıblar. Turnirin finalında “Judo Club 2012”nin əsas komandası "Edelveys"(Dağıstan) klubunu məğlub edərək kubokun sahibi olub.

Bundan başqa, “Judo Club 2012” idman klubunun təşkilatçılığı və sponsorluğu ilə bu il sentyabrın 28-də Lənkəran Olimpiya İdmana Kompleksində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunlarının qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 40-cı açıq yubiley turniri keçirilib. 18 yaşadək yeniyetmə cüdoçuların (2008-2010-cu illər təvəllüdlü oğlanlar) mübarizə apardığı turnirdə “Judo Club 2012”nin komandası 2 qızıl, 2 bürünc medala sahib çıxıb. Klubun üzvlərindən Emil Hüseynli (-55 kq) və Zeyd Ələsgərov (-60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mehdi Eyvazov (-81 kq) və Xalid İlyasov (-90 kq) isə bürünc medallara layiq görülüblər. “Judo Club 2012” klubu bu nəticə ilə ümumi komanda hesabında ikinci yeri tutub.

Paris-2024 Yay Olimpiya Oyunlarından sonra avqustun 31-də “Mangal Steak House – Zagulba” restoranında Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdosunun tarixi nəticələrinə həsr olunmuş şam yeməyi təşkil edilib. Mərasimdə “Azman Holdinq” şirkəti tərəfindən cüdo üzrə Olimpiya çempionları - Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyevə yeni mənzillərin orderləri təqdim edilib. Tədbirdə həmçinin Hidayət Heydərovun şəxsi məşqçisi Tərlan Həsənov və Zelim Kotsoyevin şəxsi məşqçisi Elxan Məmmədov da “Azman Holdinq” şirkəti tərəfindən yeni mənzillər və digər hədiyyələrlə təltif olunublar. Mükafatları idmançılara və məşqçilərə Azər Əsgərov və İlham Əhmədov təqdim edib.

Bu gün Azərbaycan Cüdo Federasiyasının qızlar arasında cüdo idman növünün kütləviləşdirilməsi və beynəlxalq turnirlərdə qadın cüdoçuların sayının artırılması istiqamətində gördüyü işlərə dəstək məqsədi ilə “Judo Club 2012”də də yeni layihələr həyata keçirilir. Belə ki, Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi Azər Əsgərovun təqdimatı ilə ikiqat Avropa çempionu, yeddiqat Avropa, ikiqat dünya mükafatçısı, beynəlxalq turnirlərin qalibi və mükafatçısı, ikiqat Olimpiya iştirakçısı Kifayət Qasımova klubun cüdo üzrə qadınlardan ibarət komandasının baş məşqçisi təyin edilib. Qızlar arasında cüdo idman növünün kütləviləşməsinə dəstək məqsədi ilə “Judo Club 2012”də qızlar üçün cüdo dərsləri təmənnasız olaraq keçirilir.

2024-cü il ərzində həmçinin klubun rəhbərliyi tərəfindən maddi-texniki baza möhkəmləndirilib, idmançıların məşq şəraitinin yaxşılaşdırılması üçün yeni zəruri avadanlıqlarla təchiz olunub.

“Judo Club 2012”nin karateçiləri də ölkəmizdə və beynəlxalq arenalarda keçirilən yarışlarda uğurlu nəticələr göstərirlər. Klubun idmançıları 2024-cü ili 4 qızıl, 4 gümüş və 1 bürünc medalla başa vurublar. Bu medallardan 5-i Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçirilən beynəlxalq turnirdə əldə olunub. Karatenin WKF növləri üzrə keçirilən I açıq çempionatda klubun karate bölməsinin məşqçisi Namiq Pirverdiyevin yetirmələrindən 16-17 yaş qrupunda Səbinə Fərzəliyeva (-59 kq) və İsmayıl Ələsli (-61 kq), kişilər arasında isə Rəsul Abbasov (-67 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kişilər arasında -75 kq çəki dərəcəsində qüvvəsini sınayan Kənan Babayev isə finalda məğlub olaraq gümüş medalla kifayətlənib. Klubun aktivinə növbəti gümüş medalı isə 8 yaş qrupunda -30 kq çəki dərəcəsində çıxış edən Abdul Pirverdiyev yazdırıb. “Judo Club 2012”nin digər yetirmələrindən 10-11 yaş qrupunda çıxış edən Cavad Cəfərov (-30 kq), İlyas Orucəliyev (-35 kq), 14 yaş qrupunda Nicat Bilalov (-40 kq) və Yusif Məmmədzadə (-50 kq), üçüncü yer uğrunda görüşdə məğlub olaraq beşinci yerlə kifayətləniblər. 

Oktyabrın 24-27-də isə Serbiyanın paytaxtı Belqradda keçirilən karate-do üzrə dünya çempionatında “Judo Club 2012”nin 4 üzvü mükafatçılar sırasında yer alıb. Karateçilərimizdən Eldar Bağırov (12-13 yaş, 53 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Rəsul Abbasov (18-21 yaş, 70 kq) gümüş, Cavad Cəfərov (10-11 yaş, 34 kq) isə bürünc medala sahib çıxıb. Qarışıq komanda yarışlarında isə klubun üzvü Səbinə Fərzəli gümüş medal qazanıb.

"Judo Club 2012"in akrobatika bölməsinin gimnastları da özlərini müxtəlif turnirlərdə sınayırlar. Klubda keçirilən akrobatika gimnastikası üzrə açıq birincilikdə klubumuzun idmançıları 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Klubun yetirmələrindən 2012-2013-cü illər təvəllüdlü idmançılar arasında sərbəst hərəkətlərdə Leyla Allahverdiyeva qızıl, Lamiyə Allahverdiyeva isə gümüş medala sahib çıxıb. 2016-2017-ci illər təvəllüdlü oğlanlar arasına sərbəst hərəkətlərdə isə Famil Mustafazadə bütün rəqiblərini üstələyərək qalib adını qazanıb. 2018-2019-cu illər təvəllüdlü idmançılar arasında Amina Əliyeva birinci yerə layiq görülüb. Safiya QədiyevaSofiya Fərəcova balacalar arasında qadın cütlüyündə gümüş medala sahib çıxıb. ZəhraAylin Vəliyeva cütlüyü isə üçüncü yeri tutub. 

...Bir sözlə, başa çatmaqda olan 2024-cü ili “Judo Club 2012” üçün uğurlu hesab etmək olar. Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə klub ölkəmizdə cüdonun inkişafında öz layiqli töhfələrini verir.

Klubumuzun  qazandığı uğurların təməlində ölkə rəhbərliyinin, Azərbaycan Cüdo Federasiyasının və Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, klubun təsisçisi Azər Əsgərovun diqqət və qayğısı dayanır. Daim yeni hədəfləri və yüksək zirvələri qarşısına məqsəd qoyan “Judo Club 2012” klubu 2025-ci ildə də idman nailiyyətlərini daha da artırmağa çalışacaq. Sözsüz ki, yeni ildə klubun əsas prioritetləri ölkəmizdə cüdonun kütləviliyini artırmaq, yerli yarışlarla yanaşı, Avropa, dünya  və digər mötəbər turnirlərdə nailiyyətlər qazanmaqdır. Bir sözlə, “Judo Club 2012” yeni ildə də öz ənənələrinə sadiq qalaraq azarkeşləri sevindirməyə çalışacaq.

 

Fariz Hüseynov,

“Judo Club 2012”nin icraçı direktoru

 

Oxunma sayı: 108 2025-01-22 01:02:22