“Judo Club 2012”nin 5 idmançısı fəxri kürsüdə yer aldı

0.jpg

 

     Ölkəmizin tanınmış idman qurumlarından olan “Judo Club 2012”nin idmançıları builki uğur estafetini layiqincə davam etdirirlər. Bu günlərdə Lənkəranda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo turnirinin ardından klubun aktivinə növbəti qələbə xəbərini yeniyetmə qızlar gətiriblər. Belə ki, sentyabrın 30-da Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində U-18 yeniyetmə qızlar arasında keçirilən ACF Kubokunda “Judo Club 2012”nin beş idmançısı mükafatçılar sırasında yer alıb. 9 çəki dərəcəsində təxminən 200-ə yaxın idmançının medallar uğrunda mübarizəsində klubunun idmançıları 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib çıxıblar. Kluba qızıl medalı +70 kq çəki dərəcəsində çıxış edən Aysu Quliyeva qazandırıb. Aytac Yoçuzadə (-48 kq) və Nərmin Xəlilzadə (-52 kq) gümüş medala layiq görülüb. Bürünc medalları isə klubun aktivinə Məsumə Məmmədli (-70 kq) və Mətanət Məmmədova (-70 kq) yazdırıb. 
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd yeniyetmə qız cüdoçuların ustalığını artırmaq, rəqabət səviyyəsini yüksəltmək və yarış təcrübələrini genişləndirməkdən ibarət olub. 

Bu il ümumilikdə daha üç belə turnirin keçirilməsi nəzərdə tutulur. Yarışların nəticəsinə əsasən formalaşacaq reytinq siyahısında ilk yerləri tutan idmançılar yeniyetmə qızlardan ibarət milli komandanın tərkibinə daxil ediləcək.

Xatırladaq ki, bu yaxınlarda Avropa və dünya çempionatlarının mükafatçısı Kifayət Qasımova klubun cüdo üzrə qadınlardan ibarət komandasının baş məşqçisi təyin edilib. Ölkəmizdə cüdonun inkişafına layiqli töhfəsini verən “Judo Club 2012”də qızlar üçün cüdo məşqləri ödənişsiz şəkildə keçirilir.

Oxunma sayı: 230 2024-10-02 11:04:57