“Judo Club 2012”nin yetirmələri daha bir beynəlxalq turnirdə Azərbaycan cüdosunun nüfuzunu layiqincə təmsil ediblər. İyunun 21-22-də Almaniyanın paytaxtı Berlində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunda klubumuzun üç idmançısı uğurla çıxış edərək bir dəst medal qazanıb.
Yarışın ən yaddaqalan məqamlarından biri -90 kq çəki dərəcəsində keçirilən Azərbaycan finalı olub. Həlledici qarşılaşmada “Judo Club 2012”nin iki üzvü - Tuncay Şamil və Aslan Kotsoyev üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Tuncay Şamil qalib gələrək qızıl medala sahib çıxıb və millimizin bu turnirdəki yeganə çempionu olub. Aslan Kotsoyev isə gümüş medalla kifayətlənib. Komandamızın yeganə qızıl medalının müəllifi olan Tuncay Şamilin bu çempionluğu sayəsində Berlində Azərbaycan himni səsləndirilib.
Klubun aktivinə bürünc medalı isə -73 kq çəki dərəcəsində tatami üzərinə çıxan Mehdi Cəfərov qazandırıb.
Qeyd edək ki, 34 ölkədən 544 (333 oğlan, 211 qız) cüdoçunun qatıldığı yarışda Azərbaycan yığma komandası 9 (1 qızıl, 4 gümüş, 4 bürünc) medalla çıxışını başa vurub. Turnirdə “Judo Club 2012”nin gənc cüdoçuları ilə yanaşı, yığma komandamızın digər üzvlərindən Nihad Məmişov (-60 kq), Məhəmməd Musayev (-66 kq), Abil Yusubov (-73 kq) gümüş, Nizami İmranov (-66 kq), Süleyman Şükurov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medallarla fərqləniblər.
Millimiz bu nəticə ilə oğlanlar arasında birinci, ümumi komanda hesabında isə üçüncü yeri tutub.