“Judo Club 2012”nin gənc cüdoçuları ölkə birinciliyini 11 medalla başa vurdular

5.jpg

 
     Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən cüdo üzrə 21 yaşadək gənclər arasında ölkə birinciliyinin fərdi yarışlarına yekun vurulub. Yarışların son günündə “Judo Club 2012”nin üzvləri daha 8 medal qazanıblar. Medallardan 1-i qızıl, 3-ü gümüş, 4-ü isə bürüncdür. 

Qızıl medalı klubun aktivinə -90 kq çəki dərəcəsində qüvvəsini sınayan Əli Qazımaqomedov yazdırıb. Aliyə İsmayılzadə (-48 kq), Tuncay Şamil (-90 kq) və Vidad Əliyev (-100 kq) ölkə birinciliyinin gümüş medallarına sahib olublar.

Bürünc medallara isə Xumar Qasımzadə (-48 kq), Leyla Əliyeva (-52 kq), Süleyman Əliyev (-81 kq) və Şamil Qasımov (-100 kq) layiq görülüb.  
Xatırladaq ki, fərdi yarışların ilk günündə Mehdi Cəfərov (-73 kq) qızıl, Fəqan Məmmədli (-73 kq) gümüş, Leyla Atayeva (-63 kq) isə bürünc medal qazanmışdı. 
Beləliklə, ölkə birinciliyini 2 qızıl, 4 gümüş və 5 bürünc medalla başa vuran “Judo Club 2012” klubu oğlanlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yeri tutub. Klubun idmançıları həmçinin medalların sayına görə (11 medal) birinci yeri tutub. 

Qeyd edək ki, sabah U-21 gənclər arasında ölkə birinciliyinin komanda yarışlarına start veriləcək.

Oxunma sayı: 49 2025-02-02 22:17:55