“Judo Club 2012”nin gənc cüdoçusu Aslan Kotsoyev (-90 kq) Türkiyənin İstanbul şəhərində keçirilən gənclər arasında Avropa Kubokunda qızıl medala layiq görülüb.
Mübarizəyə 1/16 finaldan başlayan istedadlı cüdoçumuz əvvəlcə Monqolustan, ardınca isə üç gürcü rəqibinə qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada qazaxıstanlı Qleb Azarovdan da üstün olan cüdoçumuz qızıl medala sahib çıxaraq qardaş ölkədə himnimizin ikinci dəfə səsləndirilməsinə nail olub.
O, Avropa Kubokunun qızıl medalını qazanmaqla təkcə şəxsi uğura imza atmayıb. Eyni zamanda Azərbaycan idmanının, cüdosunun gücünü, gənc nəslin potensialını və “Judo Club 2012” kimi müasir standartlara cavab verən idman klubunun verdiyi töhfəni bir daha dünyaya göstərib.
Qeyd edək ki, Aslan Kotsoyevlə yanaşı, bu yarışda millimizin digər üzvlərindən Nizami İmranov (-66 kq) qızıl, Aytac Qardaşxanlı (-52 kq), Nihad Məmişov (-60 kq), Fərid Qarayev (-60 kq), Mehdi Abbasov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) bürünc medala sahib çıxıb.
Turniri 2 qızıl və 5 gümüş medalla başa vuran komandamız oğlanlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yeri tutub.
Qeyd edək ki, yarışda 31 ölkəni təmsil edən 505 (341 oğlan, 164 qız) cüdoçu mübarizə aparıb.