“Judo Club 2012”nin gənc yetirməsi Avstriyada çempion oldu

2.jpg

 

     “Judo Club 2012”nin cüdoçuları bu il yerli və beynəlxalq yarışlarda uğurlu çıxışlarını davam etdirirlər. Bu günlərdə klubun ünvanına növbəti qələbə xəbəri gəlib. Belə ki, iyunun 1-2-də Avstriyanın Qrats şəhərində təşkil olunan cüdo üzrə gənclər arasında Avropa Kuboku turniri klubun yetirməsi Tuncay Şamil üçün yaddaqalan olub. -90 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz fərxi kürsünün ən yüksək pilləsinə qalxaraq, Qratsda Azərbaycan himnini səsləndirib, bayrağımızı yüksəklərə qaldırıb. Mübarizəyə 1/16 finaldan başlayan idmançımız ardıcıl olaraq, Türkiyə, Avstriya, Rumıniya və Niderland idmançılarına qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə braziliyalı cüdoçuya da qalib gələn cüdoçumuz Avropa Kubokunun qızıl medalına sahib çıxıb. 

Qeyd edək ki, 29 ölkədən 396 (245 oğlan, 151 qız) cüdoçunun iştirak etdiyi Avropa Kubokunu 3 qızıl, 1 bürünc medalla başa vuran millimiz ümumi komanda hesabında ikinci, oğlanların mübarizəsində isə birinci yeri tutub. 

Xatırladaq ki, Tuncay Şamil daha əvvəl İspaniyada keçirilən Avropa Kubokunda və Almaniyada təşkil olunan beynəlxalq Masters turnirində bürünc medal qazanıb.

Oxunma sayı: 192 2024-06-02 20:30:30