“Judo Club 2012”nin karateçilərindən beynəlxalq turnirdə 5 medal

3.jpg

 

       Martın 5-8-də Boks İdman Mərkəzində XI "Baku Open" beynəlxalq karate turniri keçirilib. Dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunmuş turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyanı təmsil edən 744 idmançı mübarizə aparıb. Fərdi və komanda yarışlarında 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər qüvvələrini sınayıb.

Beynəlxalq turnirdə “Judo Club 2012”nin yetirmələri də qüvvələrini sınayıblar. Klubun karateçiləri fərdi yarışlarda uğurla çıxış edərək 2 qızıl, 1 gümüş və 1 bürünc medala layiq görülüb.

“Judo Club 2012”nin karate bölməsinin rəhbəri Gündüz Mahmudov və məşqçi Namiq Pirverdiyevin yetirmələrindən Fərid Ağayev (-76 kq)

16-17 yaşlı idmançılar arasında bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, istedadlı idmançının 2020-ci ildə əldə etdiyi ardıcıl 3-cü qızıl medalıdır. O, buna qədər Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında və Bratislavada təşkil olunan 40-cı Slovakiya Qran-prisində də çempion adını qazanmışdı. 

Klubun aktivinə digər qızıl medalı 14-15 yaşlı idmançılar arasında mübarizə aparan Rəsul Abbasov (-52 kq) qazandırıb. U-10 yaş kateqoriyasında çıxış edən Sumeya Destan (-25 kq) isə beynəlxalq turnirin gümüş medalına sahib çıxıb.

Klubun digər perspektivli idmançısı Kənan Babayev (-68 kq) isə 16-17 yaşlı idmançılar arasında bürünc medala layiq görülüb.

“Judo Club 2012”nin yetirmələrinin uğurlu çıxışı bununla kifayətlənməyib. Klubun yetirmələri komanda yarışlarında da uğurla mübarizə apararaq mükafatçılar sırasında yer alıb. Belə ki, 14 yaşınadək idmançılar arasında komanda yarışlarında Ramazan Əlizadə, İsmayıl Ələsli və Aydın Məmmədov üçüncü yeri tutub.

 

Oxunma sayı: 193 2020-03-09 23:16:20