“Judo Club 2012”nin karateçilərindən növbəti uğur

10.jpg

 

       Yanvarın 17-19-da Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate üzrə ənənəvi "Arpaçay Open" beynəlxalq turniri keçirilib. Azərbaycan Milli Karate Federasiyası (AMKF) və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə keçirilən yarışda uşaq, yeniyetmə və gənc idmançılar qüvvələrini sınayıblar. Sayca beşinci dəfə təşkil olunan açıq turnirdə 12 ölkə - İran, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Türkiyə, Mərakeş, Oman və Azərbaycanı təmsil edən 89 klubun tərkibində 939 idmançı və 50 komanda mübarizə aparıb.

Yarışın yekun nəticəsinə əsasən, "Qara Qaplan" klubu 20 qızıl, 13 gümüş və 25 bürünc medalla birinci yeri tutub. 12 qızıl, 9 gümüş və 12 bürünc medal qazanan "Arpaçay" klubu ikinci, 7 qızıl, 4 gümüş və 15 bürünc medal qazanan "Pashayev" (Ukrayna) klubu isə üçüncü olub. 

Beynəlxalq turnirdə “Judo Club 2012”nin karateçiləri də mübarizə aparıblar. Klubun yetirmələri yarışda 1 gümüş və 2 bürünc medal qazanıb. Klubun aktivinə yeganə gümüş medalı 12-13 yaşlı idmançıların mübarizəsində çıxış edən Ramazan Əlizadə (-40 kq) yazdırıb. Bu yaş kateqoriyasında -35 kq çəki dərəcəsində yarışan Hüseyn Muxtarzadə isə bürünc medala layiq görülüb. Klubun adına növbəti bürünc medalı 14-15 yaşlı idmançıların yarışında qüvvəsini sınayan Rəsul Abbasov (-52 kq) qazanıb.

Məlumat üçün bildirək ki, “Judo Club 2012”nin idmançıları yarışda klubun karate bölməsinin rəhbəri Gündüz Mahmudov və məşqçi Namiq Pirverdiyevin rəhbərliyi altında iştirak ediblər.

 

Oxunma sayı: 1508 2020-01-21 12:55:56