“Judo Club 2012”nin karateçilərindən növbəti uğur

3.jpg

 

       Fevralın 22-23-də Slovakiyanın paytaxtı Bratislavada karate üzrə 40-cı Slovakiya Qran-prisi keçirilib. Yeniyetmə və gənclər arasında keçirilən kata və kumite üzrə yarışlarda 32 ölkədən 213 klubu təmsil edən 2118 karateçi medallar uğrunda mübarizə aparıb.

İki gün davam edən Slovakiya sınağında Azərbaycan yığma komandası da təmsil olunub. Yarışda “Judo Club 2012”nin karate bölməsinin rəhbəri Gündüz Mahmudov və “Təhsil” Respublika İdman Mərkəzinin karate bölməsi üzrə baş məşqçisi Əbülfət Qarayevin rəhbərliyi altında kumite üzrə 3 idmançımız iştirak edib. Komandamız turnirdə uğurla çıxış edərək 2 qızıl və 1 gümüş medal qazanıb. Yığmamızın tərkibində 16-17 yaşlı idmançılar arasında çıxış edən Hüseyn Məmmədli (-61 kq) və Fərid Ağayev (-76 kq) bütün rəqiblərinə qalib gələrək Qran-prinin qızıl medalına layiq görülüblər. Bu yaş qrupunda mübarizə aparan komandamızın digər üzvü Abbas Dadaşov (-68 kq) isə yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Slovakiya Qran-prisində fərqlənən Fərid Ağayev və Abbas Dadaşov “Judo Club 2012” klubunun yetirmələridirlər.

Klubun idmançılarından Fərid Ağayev sonuncu dəfə Macarıstanda keçirilən Avropa çempionatının qalibi, Abbas Dadaşov isə Xorvatiyada təşkil olunan 29-cu beynəlxalq Qran-pri turnirinin bürünc medalçısıdır.

 

Oxunma sayı: 505 2020-02-24 13:59:01