“Judo Club 2012”nin karateçisi Xorvatiyada üçüncü oldu

3.jpg

 

       Yanvarın 17-19-da Xorvatiyanın Samobor şəhərində yeniyetmə və gənclər arasında karate üzrə 29-cu beynəlxalq Qran-Pri turniri keçirilib. Yığma komandanın baş məşqçisi Anar Allahverdiyevin rəhbərlik etdiyi millimiz yarışda 32 (28 kumite, 4 kata) idmançı ilə təmsil olunub. 24 ölkədən 2047 idmançının iştirak etdiyi yarışda milli komandamız 10 medal qazanıb. Mükafatların biri qızıl, ikisi gümüş, yeddisi isə bürüncdür.

Turnirə yollanan yığma komandamızın tərkibində “Judo Club 2012”nin 2 karateçisi - Abbas Dadaşov (-68 kq) və Fərid Ağayev (-76 kq) də yer alıb. Klubun istedadlı yetirmələrindən biri olan Abbas Dadaşov kumite üzrə 16-17 yaşlı idmançıların yarışında bürünc medal qazanıb. O, turnirdə 5 görüş keçirərək üçüncü yerə layiq görülüb. Klubun digər üzvü Fərid Ağayev isə bürünc medal uğrunda görüşdə məğlub olaraq mükafatçılar sırasından kənarda qalıb.

Qeyd edək ki, Xorvatiya sınağı fevralın 7-9-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək yeniyetmə və gənclərin Avropa birinciliyinə son seçmə hazırlıq yarışı idi. Azərbaycan çempionatında ikinci, seçmə görüşlərdə isə birinci yeri tutan Abbas Dadaşov Xorvatiyada da ümidləri doğruldaraq qitə birinciliyinə vəsiqə qazanıb.

Qran-Pri turnirində yarımfinala qədər irəliləyən Fərid Ağayev isə həm Azərbaycan çempionatının, həm də seçmə görüşlərin qalibi kimi qitə birinciliyində iştirak etmək hüququ əldə edib.

Qeyd edək ki, idmançılarımızın əldə etdiyi qələbələrdə “Judo Club 2012”nin karate bölməsinin rəhbəri Gündüz Mahmudov və məşqçisi Namiq Pirverdiyevin rolu əvəzsizdir.

Oxunma sayı: 226 2020-01-19 22:48:55