“Judo Club 2012”nin samboçularından 4 qızıl medal

12.jpg

 

       Fevralın 13-15-də Bakı İdman Sarayında sambo üzrə yeniyetmə, gənclər və böyüklər arasında Azərbaycan çempionatı və birincilikləri keçirilib. Yarışlarda ölkəmizin rayon və şəhərlərini təmsil edən idman cəmiyyətləri və klublarından 500-ə yaxın samboçu medallar uğrunda qüvvəsini sınayıb. Müxtəlif çəki dərəcələri üzrə keçirilən yarışların birinci günündə yeniyetmələr, ikinci günündə gənclər, üçüncü günündə isə böyüklər mübarizə aparıblar.

3 gün davam edən yarışda “Judo Club 2012”ni təmsil edən samboçular da iştirak ediblər. Klubun idmançıları həm gənclər, həm də böyüklərin mübarizəsində uğurla çıxış edərək, mükafatçılar sırasında yer alıblar. Gənclər arasında yarışda klubu təmsil edən Vilayət Bayramov (62 kq), Ayxan Tanverdiyev (68 kq) və Abdulla Abdullayev (74 kq) bütün rəqiblərini üstələyərək Azərbaycan birinciliyinin qalibi olublar. Abdulla Abdullayev həmçinin böyüklər arasında keçirilən Azərbaycan çempionatında da uğurla çıxış edərək 74 kq çəki dərəcəsində çempion adını qazanıb.
Beləliklə, “Judo Club 2012”nin samboçuları Azərbaycan birinciliyi və çempionatını 4 qızıl medalla başa vurub. Yarışda fərqlənən idmançılar diplom və medallarla təltif olunublar.

 

Oxunma sayı: 420 2020-02-16 13:17:36