“Judo Club 2012”nin üzvü Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək

2.jpg

       Paytaxtımız bir neçə gündən sonra daha bir mötəbər idman yarışına – XV Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək.

       İyulun 21-də start götürəcək festivalda 48 ölkədən 3900 atlet idmanın 10 növü üzrə mübarizə aparacaq. Azərbaycanı Bakı-2019-da atletika, cüdo, güləş, gimnastika, velosiped idmanı, voleybol, basketbol, həndbol, tennis və üzgüçülük yarışlarında 122 idmançı təmsil edəcək.

       Avropa Gənclər Olimpiya Festivalının proqramına daxil olan cüdo yarışlarında komandamız 12 (8 oğlan, 4 qız) idmançı ilə qüvvəsini sınayacaq. Həm oğlanlar, həm də qızlardan ibarət cüdo millimizin üzvləri dörd gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. Festival çərçivəsində cüdo yarışları iyulun 24-də start götürəcək. Fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək.

       Festivalda iştirak edəcək cüdoçular arasında “Judo Club 2012”nin üzvü Hüseyn Məmmədov da yer alıb. Klubun istedadlı yetirməsi Bakı-2019-da +90 kq çəki dərəcəsində yarışacaq. 

       Məlumat üçün qeyd edək ki, Hüseyn Məmmədov ötən ay Polşada keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin bürünc medalına layiq görülüb. 

Oxunma sayı: 201 2019-07-19 10:26:20