Yanvarın 24-26-da Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində 15 yaşa qədər kiçik yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyi keçirilib.
Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda “Judo Club 2012”nin yeniyetmə cüdoçuları da qüvvələrini sınayıblar. Üç gün davam edən yarışda klubun üzləri 2 qızıl və 1 gümüş medal qazanıblar. Murad Nəzərzadə (-60 kq) və Davud Bayramov (-66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüblər. -50 kq çəki dərəcəsində qüvvəsini sınayan Raul Əlizadə isə gümüş medala sahib çıxıb.
Qeyd edək ki, paytaxtın 64 klubunu təmsil edən 761 (665 oğlan, 96 qız) cüdoçunun mübarizə apardığı yarışın əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə nail olmaqdır. Turnir fevralın 27-dən martın 2-dək keçiriləcək 15 yaşa qədər kiçik yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyinə seçim xarakteri daşıyıb.