“Judo Club 2012”nin yeniyetmə karateçiləri Macarıstana yollanırlar

1.jpg

       Noyabrın 1-2-də Macarıstanın Monor şəhərində vado-kai karate üzrə 47-ci Avropa çempionatı keçiriləcək. Yarışda ölkəmizi “Azərbaycan Vado-Ryu Karate-do” klubunun 10 idmançısı təmsil edəcək. Avropa Vado-Kai Karate-Do Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, Əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərliyi altında Macarıstana yollanacaq komandamızın heyətində “Judo Club 2012”nin karate bölməsinin baş məşqçisi Namiq Pirverdiyev və klubun 8 idmançısı da yer alıb. Klubun üzvlərindən 12-13 yaşlı idmançıların yarışında İsmayıl Ələsli (-50 kq), 14-15 yaşlı karateçilərin mübarizəsində isə Rəsul Abbasov (-57 kq) və Musa Məmmədov (-63 kq) qüvvəsini sınayacaq. “Judo Club 2012”nin digər istedadlı yetirmələrindən Kənan Babayev (-68 kq), Abbas Dadaşov (-68 kq), İlknur Əlipoladov (-68 kq), Fərid Ağayev (-76 kq) və Adil Quliyev (-76 kq) isə 16-17 yaşlı idmançıların mübarizəsində yarışacaq. Kənan Babayev, Fərid Ağayev, Abbas Dadaşov və Adil Quliyev həmçinin, eyni yaş qrupu üzrə komanda yarışlarında da iştirak edəcəklər.

Qeyd edək ki, oktyabrın 30-da Macarıstana yola düşəcək yığma komandamız noyabrın 4-də Vətənə qayıdacaq.

 

Oxunma sayı: 1295 2019-10-27 23:18:27