Olimpiya mükafatçımız tatamiyə qayıdışını qızıl medalla qeyd etdi

3.jpg

 

Azərbaycan komandası Fransanın paytaxtı Parisdə keçirilən usta cüdoçular arasında dünya çempionatında ilk qızıl medalını qazanıb. Yarışın üçüncü günündə tatami üzərinə çıxan təcrübəli idmançımız, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin rəisi Mövlud Mirəliyev (M5, -100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mübarizəyə 1/32 final mərhələsindən başlayan Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı ardıcıl olaraq Braziliya, Fransa, Kanada, İspaniya və Gürcüstan təmsilçilərini məğlub edib. Finalda portuqaliyalı Joa Santosa da qalib gələn M.Mirəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Fransada keçirilən çempionatda veteran cüdoçularımızın uğurlu çıxışı bununla da yekunlaşmayıb. Yarışın üçüncü günündə Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Judo Club 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, dəfələrlə dünya və Avropa çempionatlarının qalibi və mükafatçısı Azər Əsgərov bürünc medala sahib olub.

Çempionatın əvvəlki günlərində isə digər təcrübəli cüdoçularımız - Vüqar Babayev (M3, -66 kq), həmçinin “Judo Club 2012”nin üzvləri Qurban Məmmədli (M2, -100 kq) və Zaur Bağırov (M4, +100 kq) bürünc medallara layiq görülüblər.

Gənc nəsil üçün stimul və peşəkarlıq nümunəsi olan bu nəticələr, həm usta cüdoçuların mübarizliyini, həm də Azərbaycan cüdosunun güclü ənənələrə söykəndiyini nümayiş etdirir.

Usta cüdoçular arasında dünya çempionatına noyabrın 7-də yekun vurulacaq.

Qeyd edək ki, 65 ölkədən 2328 (1909 kişi, 419 qadın) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan komandası 32 (31 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunur.

Oxunma sayı: 57 2025-11-06 03:12:08