Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında “Judo Club 2012” klubunun təmsilçisi, dünya, Avropa və Olimpiya mükafatçısı Zelim Kotsoyev (-100 kq) uğurla çıxış edib. Fərdi yarışlarda mübarizəyə 1/4 finaldan başlayan idmançımız ardıcıl olaraq Livan və Bəhreyn idmançılarına qalib gələrək finala yüksəlib. Cüdoçumuz həlledici görüşdə misirli Omar Elramliyə məğlub olaraq gümüş medala sahib olub.
Cudo yarışlarının son günündə keçirilən qarışıq komanda yarışlarında isə Zelim Kotsoyev Azərbaycan millisinin heyətində tatami üzərinə çıxıb. Komandamız ardıcıl olaraq Səudiyyə Ərəbistanı və Qazaxıstan yığmalarını məğlub etdikdən sonra finalda Özbəkistan üzərində 4:0 hesablı qələbə qazanıb və çempionluq sevinci yaşayıb. Bununla da Zelim Kotsoyev yarışları bir gümüş və bir qızıl medalla başa vurub.
Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda İslamiada uğurla çıxış edən Azərbaycan cüdoçularının qarşılanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Cüdo Federasiyasının əməkdaşları ilə yanaşı, “Judo Club 2012” klubunun rəhbərliyi, məşqçilər, gənc idmançılar və cüdosevərlər də iştirak ediblər. Klub rəhbərliyi Zelim Kotsoyevi uğurlu çıxışına görə təbrik edib, onun nəticəsini gənc cüdoçular üçün nümunə kimi dəyərləndirib.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarında Azərbaycan millisinin digər üzvlərindən Hidayət Heydərdov (-73 kq) və Südabə Ağayeva (-70 kq) qızıl, Könül Əliyeva (-48 kq) gümüş, Aydan Vəliyeva (-52 kq), Ruslan Paşayev (-66 kq), Aytac Qardaşxanlı (-70 kq), Elcan Hacıyev (-90 kq) və Uşanqi Kokauri (+100 kq) isə bürünc medallarla yadda qalıblar.