"Raquf Orucov Kuboku" ikinci beynəlxalq komanda turniri başa çatıb

6.jpg

          Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və "Judo Club 2012"nin təşkilatçılığı ilə 21 yaşadək oğlanlar və qızlar arasında cüdo üzrə klub komandaları arasında keçirilən "Raquf Orucov Kuboku" ikinci  beynəlxalq komanda turniri başa çatıb. Bakı İdman Sarayında keçirilən turnirin rəsmi açılış mərasimində dövlət qurumlarının, ictimai təşkilatlarının nümayəndələri, ziyalılar, tanınmış idmançılar və Qarabağ müharibəsi veteranları iştirak ediblər.

          Mərasim Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

          Yarışın açılış mərasimində Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Sahib İsmayılov çıxış edərək, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri hünər və qəhrəmanlığın gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını, şəhid hərbçilərimizin xatirəsinə həsr edilən belə tədbirlərin milli-mənəvi dəyərlərimizi zənginləşdirdiyini qeyd ediblər. Polkovnik-leytenant Raquf Orucovun qardaşı Zabil Orucov şəhidlərin xatirəsinə göstərilən hörmət ehtirama görə turnirin təşkilatçısı “Azman Holdinq”ə və "Judo Club 2012" idman klubuna və mərasim iştirakçılarına təşəkkür edib.
Mərasimdə “Judo Club 2012”nin yeniyetmə cüdoçuları nümunəvi çıxışlar ediblər, incəsənət ustaları vətənpərvərlik ruhunda musiqi parçaları səsləndiriblər.

 
          Aprel döyüşlərində həlak olmuş hərbçilərin portretləri həkk edilən köynəklər geymiş ASAN könülləri tamaşaçıların alqışları altında meydançaya çıxıblar.
Rəsmi açılış mərasimi başa çatdıqdan sonra turnirin final mərhələsinin iştirakçıları tatami üzərinə dəvət olunublar. Bürünc medallar uğrunda mübarizənin qalibləri Gürcüstan və “Atilla-1” komandaları olublar. Qızıl və gümüş medalların sahibləri isə "Judo Club 2012" və Qəbələ komandalarının görüşündə müəyyənləşib. Qəbələ cüdoçuları gərgin mübarizədə qalib gələrək 21 yaşadək (U-21) gənclər arasında ikinci beynəlxalq "Raquf Orucov Kuboku" komanda turnirinin qızıl medalına layiq görülüblər. "Judo Club 2012" komandası, ötən il olduğu kimi, bu il də gümüş medalla kifayətlənib. Qaliblərə kubok və qiymətli hədiyyələr təqdim olunub.
Xatirə turniri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilib.

 

 

Oxunma sayı: 944 2018-04-20 00:45:59