Səid Mollayi “Böyük dəbilqə” turnirindən gümüş medalla qayıdır

3.jpg

 

    Bir həftə əvvəl Tiblisidə keçirilən “Böyük dəbilqə” turnirindən sonra dünya cüdosunun ulduzları Türkiyənin Antalya şəhərində bir araya gəliblər.  Martın 31-dən aprelin 2-dək keçirilən Antalyadakı “Böyük dəbilqə” turnirində 83 ölkədən 600 (337 kişi, 263 qadın) cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Yarışda 16 (12 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunan komandamız turniri bir gümüş və bir bürünc medalla başa vurub. Millimizə gümüş medalı “Judo Club 2012”nin titullu cüdoçusu Səid Mollayi (81 kq) qazandırıb. Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionu olan Səid  Türkiyədəki yarışa 1/16 finaldan başlayıb. O, ardıcıl olaraq Sloveniya, Monqolustan, Niderland və Özbəkistan idmançılarına qalib gələrək finala vəsiqə qazanıb. Cüdoçumuz həlledici görüşdə belçikalı idmançı Matias Kasse ilə qarşılaşıb. Rəqibinə məğlub olan Səid Mollayi nüfuzlu yarışın gümüş medalına sahib çıxıb.

Yarışda iştirak edən klubun digər perspektivli cüdoçusu Murad Fətiyev (90 kq) isə ilk iki görüşdə qalib gəlsə də 1/8 finalda Niderland təmsilçisinə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, yığmamıza bürünc medalı 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov qazandırıb.  

 

Oxunma sayı: 493 2023-04-02 22:50:25