Usta cüdoçularımızdan uğurlu başlanğıc

8.jpg

 

Azər Əsgərov və Fərhad Rəcəbli növbəti dəfə dünya çempionu oldular

 

     Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən usta cüdoçular arasında dünya çempionatına start verilib. Yarışın ilk günündə azərbaycanlı veteran cüdoçular da tatami üzərinə çıxıblar. Yığmamızın  üzvləri ilk yarış gününü 2 qızıl və 1 bürünc medalla başa vurublar. Komandamıza ilk qızıl medalı Azərbaycan cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı, “Judo Club 2012”  İctimai Birliyinin sədri Azər Əsgərov qazandırıb. M6 yaş kateqoriyası üzrə +100 kq çəki dərəcəsində mübarizə aparan A.Əsgərov ilk görüşdə - 1/4 final mərhələsində moldovalı Viorel Marineskuya qalib gəlib. Yarımfinalda macarıstanlı Laszlo Szoksdan da üstün olan usta cüdoçumuz adını finala yazdırıb. Həlledici görüşdə Səudiyyə Ərəbistanını təmsil edən Bakor İbrahim üzərində qələbə qazanan Azər Əsgərov dünya çempionatının qalib olaraq Azərbaycan himnini səsləndirib.

Yığmamıza növbəti qızıl medalı isə komandamızın kapitanı Fərhad Rəcəbli (M7, -90 kq) qazandırıb. Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz Fransa, Qazaxıstan və Almaniya idmançılarına qalib gələrək finala yüksəlib. Həlledici görüşdə qazaxıstanlı Selixan Amrenova üzərində qələbə qazanan Fərhad Rəcəbli öz qalib imicinə sadiq qalaraq 11-ci dəfə dünya çempionu tituluna yiyələnib.

Komandamızın heyətində bürünc medala isə Arif Qasımov (M8, -100 kq) sahib çıxıb.

Qeyd edək ki, noyabrın 3-dək davam edəcək dünya çempionatında 64 ölkəni təmsil edən 1026 (902 kişi, 124 qadın) cüdoçu mübarizə aparır. Yarışlara Azərbaycan Cüdo Veteranları Assosiasiyası tərəfindən yaradılmış “Judo Club 2012” idman klubunda hazırlaşan komandamız çempionatda 48 (47 kişi, 1 qadın) idmançı ilə təmsil olunur.

 

Oxunma sayı: 299 2023-10-31 20:56:35