“Judo Club 2012”: 2019-cu ilin yekunları - 158 medal

30.jpg

 

       Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı dövlət qayğısı ilə əhatə olunub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirərək, uğurla davam etdirir. Dövlətimizin başçısı, həm də Milli Olimpiya Komtəsinin prezidenti kimi ölkəmizdə idmanın kütləviliyinin təmin edilməsinə, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün bütün zəruri şəraitin yaradılmasına xüsusi diqqət yetirir. Bu gün Azərbaycan dünyada idman ölkəsi, mötəbər beynəlxalq yarışıların keçirilidiyi məkan kimi tanınır. İdmanılarımız yüksək nailiyyətlər qazanırlar. Hər il idman sahəsində görülən işlərə cənab Prezidentin iştirakı ilə yekun vurulması ənənəyə çevrilib. Milli Olimpiya Komitəsində ötən ilin idman yekunlarına həsr olunan mərasimdə cənab Prezident ölkəmizə şöhrət gətirən görkəmli idmançılara idmanın kütləviləşdirilməsi məqsədilə aparılan maarifləndirmə işlərində fəal iştirak etməyi tövsiyə edib, idman cəmiyyətlərinin və klublarının da qarşısında bununla bağlı vəzifələr qoyub.

Paytaxtın tanınmış idman klublarından olan "Judo Club 2012" bütün yaş qrupları üçün əlverişli və rahat məşq şəraitinə malikdir. Ölkəmizdə idmanın, xüsusən, onun ən populyar növü kimi cüdonun inkişafına töhfə vermək üçün 2012-ci ilin fevral ayında yaradılan klub ötən yeddi il ərzində diqqətəlayiq nailiyyətlərə imza atmağa nail olub. Klubun təsisçisi "Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı olan Azər Əsgərovdur. Müxtəlif yaş qrupların mənsub idmançıların sevimli məkanına çevirilən klubda eyni vaxtda, 500-600 idmançının məşq etməsi üçün hər cür şərait yaradılıb. Klubda cüdo ilə yanaşı, sambo, karate, aikido, ciu-citsu, bədii gimnastika, akrobatika, aerobika və zumba üzrə məşqlər keçirilir. Üçmərtəbəli binadakı bütün məşq zallarının hər biri zəruri məşq avadanlıqları, sanitariya-gigiyena qovşaqları ilə təchiz edilib. Klubda idmançıların ümumi və xüsusi fiziki hazırlıqlarının inkişaf etdirilməsi üçün trenajor, həmçinin açıq havada futbol, basketbol, voleybol meydançaları, gimnastika alətləri və trenajorlar var. Burada yüksək səviyyədə təlim-məşq toplanışlarının və müxtəlif turnirlərin keçirilməsi üçün də lazımi şərait yaradılıb.

“Judo Club 2012” idman klubu 2019-cu ili də uğurlu nəticələrlə başa çatdırıb. Klubun idmançıları il ərzində cüdo, karate, sambo və ciu-citsu idman növləri üzrə yarışlarda ümumilikdə 55-i qızıl, 42-i gümüş və 61-i bürünc olmaqla 158 medal qazanıblar. Bundan başqa, klubda ötən il ərzində 9 nəfər idman ustası normasını yerinə yetirib.

 

Cüdo bölməsi

Ötən il qazanılan medallardan 92-si (27 qızıl, 22 gümüş, 43 bürünc) cüdoçuların payına düşüb. Klubun cüdoçuları Bakı və Azərbaycan birinciliklərində, həmçinin beynəlxalq yarışlarda, ümumilikdə, 67 (19 qızıl, 18 gümüş, 30 bürünc) medala sahib çıxıblar. Təmsilçilərimiz həmçinin bu növ üzrə keçirilən komanda yarışlarında da uğurlu çıxış ediblər. Klubun üzvləri Bakı birinciliyi üzrə komanda yarışlarında yeniyetmələrin mübarizəsində 7-ci, gənclərin (U-21) 5-ci, U-23 1-ci, kişilər və qadınlar arasında isə 1-ci yerə layiq görülüb. Azərbaycan çempionatı üzrə komanda yarışlarında yeniyetmələr 2-ci, gənclər (U-21) 3-cü, U-23 1-ci, kişilər və qadınların mübarizəsində isə 2-ci olublar.

Müxtəlif yaş qrupları üzrə keçirilən respublika çempionatlarının qalib və mükafatçısı olan “Judo Club 2012”nin 40-a yaxın idmançısı Azərbaycan yığma komandasının heyətinə dəvət olunub.

Klubun cüdoçuları ölkədaxili yarışlarla yanaşı, həmçinin, beynəlxalq yarışlarda da uğurla çıxış ediblər. “Judo Club 2012”nin cüdoçuları beynəlxalq yarışlarda 8 qızıl, 4 gümüş və 13 bürünc medala layiq görülüb.

Klubun ən istedadlı gənclərindən olan Murad Fətiyev (-81 kq) may ayında Rusiyanın Orenburq şəhərində Avropa kubokunda qızıl, iyulda İtaliyanın Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasının cüdo üzrə komanda yarışlarında bürünc medala sahib çıxıb. Qeyd edək ki, o, universiadanın açılış mərasimində Azərbaycan komandasının bayraqdarı idi.

Murad Fətiyev noyabr ayında Avstraliyanın Pert şəhərində Tokio-2020-yə lisenziya xarakterli olan Okeaniya açıq turnirində bürünc medala layiq görülərək aktivinə 350 xal yazdırıb. O, hazırda dünya reytinqində 41-ci, Olimpiya reytinqində isə 39-cu pillədə qərarlaşıb.

Ötən il qazanılan yüksək nailiyyətlərdən biri də Nurlan Osmanovun (-66 kq) adı ilə bağlıdır. O, noyabr ayında Rusiyanın İjevsk şəhərində 23 yaşınadək cüdoçular arasında Avropa birinciliyində Azərbaycan bayrağı altında şəxsi yarışlarda gümüş medala sahib olub.   

Klubun digər istedadlı yetirməsi Hüseyn Məmmədov (+90 kq) da ili uğurlu nəticələrlə başa vurub. O, fevral ayında İspaniyada yeniyetmələr arasında Avropa kubokunda üçüncü, Bakıda General-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ikinci, Polşada  yeniyetmələrin Avropa birinciliyində üçüncü, Qazaxıstanda dünya birinciliyinin komanda yarışlarında isə gümüş medala layiq görülüb.

Bakıda təşkil olunan XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında millimizin qazandığı 2 qızıl medaldan biri məhz “Judo Club 2012”nin yetirməsi Hüseyn Məmmədovun payına düşüb. Ən ağır çəkidə çempion adını qazanan cüdoçumuz bu möhtəşəm idman bayramının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı olub.

Klubun perspektivli yeniyetmə cüdoçularından olan Nicat Məmmədli (-55 kq) İspaniyanın Fuengirola şəhərində keçirilən Avropa kubokunda qızıl, Polşanın paytaxtı Varşavada Avropa birinciliyində bürünc, Qazaxıstanın Almatı şəhərində təşkil olunan dünya birinciliyində isə Azərbaycan yığmasının heyətində komanda yarışlarının gümüş medalını qazanıb.

Dekabrın 7-8-də klubun idmançıları Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo üzrə VIII ənənəvi beynəlxalq turnirdə iştirak ediblər. “Judo Club 2012”nin yetirmələri bu yarışda 1 qızıl və 1 gümüş medala layiq görülüblər.

Dekabrın 14-15-də isə klubun yeniyetmə cüdoçuları Gürcüstanın Zuqdidi şəhərində keçirilən beynəlxalq turnirdə qüvvələrini sınayıblar. 2003-2005, 2006-2007, 2008-2010-cu illər təvəllüdlü idmançılar arasında keçirilən yarışda “Judo Club 2012”nin yetirmələri 3 qızıl və 8 bürünc medala sahib çıxıb.

“Judo Club 2012” klubu idmançıların yarışlarda iştirakını təmin etməklə yanaşı, kütləvilik üçün bir sıra mötəbər tədbirlərin uğurlu təşkilatçılığı ilə də yadda qalıb. Bu tədbirlər arasında ən böyüyü isə əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və digər Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş, 21 yaşınadək gənclər arasında III “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri olub. Bakı İdman Sarayında yüksək səviyyədə baş tutan klublararası turnir Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının dəstəyi, “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” klubunun təşkilatçılığı ilə keçirilib. Yarışda Azərbaycanla yanaşı, müxtəlif xarici dövlətləri təmsil edən 15-ə yaxın klub komandası mübarizə aparıb. Turnirin finalında “Judo Club 2012”nin əsas komandası Gürcüstanın “Şevardeni” klubuna məğlub olaraq, ardıcıl üçüncü dəfə ənənəvi turnirin gümüş medalına layiq görülüb.

Qeyd edək ki, ənənəvi olaraq hər il təşkil olunan bu yarışın 2020-ci ildə də keçirilməsi nəzərdə tutulur. Bu il aprelin 9-10-da təşkil olunacaq IV “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turnirində 21 yaşınadək gənclərdən ibarət klub komandaları qalib adı uğrunda mübarizə aparacaq.  

Kütləviliyin artırılması üçün təşkil olunan tədbirlərdən biri də hər il "Judo Club 2012"nin yarış zalında keçirilən ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə ənənəvi klub birinciliyi olub. 2006-2007, 2008, 2009 və 2010-cu illər təvəllüdlü idmançılar arasında keçirilən və iki gün davam edən  birincilikdə 200-dən çox yeniyetmə qüvvəsini sınayıb.

Cüdoçularımızın uğurları ilə yanaşı, məşqçilərimizin səmərəli fəaliyyətini də qürur hissi ilə qeyd etmək lazımdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 dekabr 2019-cu il tarixli Sərəncamı ilə idmanın inkişafındakı xidmətlərinə görə “Judo Club 2012”nin cüdo bölməsi üzrə baş məşqçisi, Əməkdar məşqçi Tərlan Həsənov “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Yarışlara “Judo Club 2012”nin idman bazalarında hazırlaşan usta cüdoçularımız il ərzində fəallıqları ilə seçiliblər. Uğurlu çıxışları ilə gənclərə örnək olan veteran idmançılar Avropa və dünya çempionatlarında ümumilikdə 15 (8 qızıl, 3 gümüş, 4 bürünc) medal qazanıblar. İyulun 25-dən 28-dək İspaniyanın Qran-Kanariya şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatında komandamız 16 idmançı ilə təmsil olunub. Usta cüdoçularımız fərdi yarışlarda üç qızıl, iki gümüş və iki bürünc medala sahib çıxıb. Təmsilçilərimizdən Mübariz Cəfərov (M-4, -81 kq), Fərhad Rəcəbli (M-7, -90 kq) və Elxan Rəcəbli (M-2, -100 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına layiq görülüblər. Yarışlarda gümüş medalları komandamızın aktivinə Müşfiq Cəfərov (M-5, -66 kq) və Yamən Fətiyev (M-5, -100 kq) yazdırıblar. Bürünc medalları isə Babək Hacıyev (M-3, -60 kq), Məmməd Məmmədov (M-1, -81 kq) qazanıblar. Heyətində Müşfiq Cəfərov (-66 kq), Elçin İsmayılov (-73 kq), Azər Cəfərov (-81 kq), Azər Əsgərov (90 kq), Fərhad Rəcəbli (90 kq), Yamən Fətiyev (100 kq) və Hafis Hacıyevin (100 kq) yer aldığı yığmamız çempionatın son günündə komanda yarışlarında (50-64 yaş qrupu üzrə) qitə çempionatının bürünc medallarına sahib çıxıblar.

Mərakeşdə keçirilən veteran cüdoçuların dünya çempionatında isə ustalarımız vətənə 5 qızıl, 1 gümüş və 1 bürünc medalla dönüblər.
Yığma komandaya qızıl medalları Fərhad Rəcəbli (M-7, -90 kq), Məmməd Məmmədov (M-1, -73 kq), Mübariz Cəfərov (M-4, -81 kq), Rəsul Səlimov (M-2, -90 kq) və Elxan Rəcəbli (M-2, -100 kq) qazandırıb. Vüqar Babayev (M-2, -66 kq) gümüş, Müşfiq Cəfərov (M-5, -73 kq) isə bürünc medalla kifayətlənib. Dünya çempionatında 7 medal qazanan usta cüdoçularımız bu nəticə ilə ümumi komanda hesabında beşinci yeri tutub. Ayrılıqda kişilərin yarışında isə Azərbaycan komandası Fransa və Rusiya komandalarından sonra üçüncü olub.

Qeyd edək ki, ötən ilin aprel ayında “Judo Club 2012” özünün rəsmi internet səhifəsini (www.judoclub2012.az) istifadəçilərə təqdim edib. İdmansevərlərə sayt vasitəsi ilə klubun fəaliyyətinə dair hərtərəfli məlumatlar təqdim olunur.

 

Karate bölməsi

“Judo Club 2012”nin karateçiləri də ölkəmizdə və beynəlxalq arenalarda keçirilən yarışlarda çoxsaylı medallar qazanıblar. Klubun idmançıları 2019-cu ili 7 qızıl, 7 gümüş və 5 bürünc medalla başa vurub. Bu medallardan 4-ü (1 qızıl, 2 gümüş, 1 bürünc) karate (WKF) üzrə keçirilən 20-ci respublika birinciliyində qazanılıb. Digər 14 (5 qızıl, 5 gümüş, 4 bürünc) medal isə beynəlxalq yarışlarda əldə olunub. 

Klubun ən perspektivli yeniyetmə idmançılarından biri olan Fidan Dadaşova (-48 kq) Qazaxıstanda karate (WKF) üzrə beynəlxalq turnirdə və Macarıstanda Məktəblilərin Dünya Döyüş oyunlarında gümüş medallara sahib çıxıb. Klubun digər idmançıları - Kənan Babayev (-68 kq) və Fərid Ağayev (-76 kq) isə bu yarışda qızıl medallara layiq görülüb. 

Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş karate üzrə beynəlxalq turnirdə isə 6-13 yaşlı uşaqlar arasında 1 qızıl və 2 bürünc medal qazanılıb. Klubun 8-9 yaşlı qızlardan ibarət karateçiləri həmçinin, komanda yarışlarında bürünc medala sahib çıxıblar.

“Judo Club 2012”nin karateçiləri ili Macarıstanın Monor şəhərində vado-kai karate üzrə 47-ci Avropa kubokundakı parlaq qələbə ilə yekunlaşdırıblar. Avropa Vado-Kai Karate-Do Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, “Judo Club 2012”nin karate bölməsinin rəhbəri, Əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərliyi altında Macarıstana yollanan karateçilərimiz fərdi yarışlarda 6 (2 qızıl, 3 gümüş, 1 bürünc) medal qazanıb. Heyətində klubun üzvlərindən Kənan Babayev, Fərid Ağayev və Abbas Dadaşovun da yer aldığı komandamız 16-17 yaşınadək idmançılar arasında birinci yeri tutublar.

Ötən il klubun karateçiləri üçün seminar da təşkil olunub. Belə ki, iyul ayında Küveytin karate üzrə yığma komandasının keçmiş baş məşqçisi, hazırda bu ölkənin “Al Shabab” klubunda baş məşqçi vəzifəsində çalışan həmyerlimiz Elnur İbrahim “Judo Club 2012”nin qonağı olub. Təcrübəli mütəxəssis bir həftə ərzində burada yeniyetmə və gənc karateçilərə seminar keçib, onlara müxtəlif fəndlərin yerinə yetirilməsi barədə nəzəri və praktik tövsiyələr verib, həmçinin idmançıların suallarını cavablandırıb.

Bundan başqa klubun məşqçiləri də müxtəlif seminarlarda iştirak ediblər. Belə tədbirlərdən biri də avqustun 16-da Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komissiyası rəsmilərinin rəhbərliyi ilə Bakıda təşkil olunan 3-cü beynəlxalq seminardır. Seminarda “Judo Club 2012”nin milli dərəcəli hakimləri, karate bölməsinin rəhbəri Gündüz Mahmudov və məşqçi Namiq Pirverdiyev də iştirak edib, sertifikatlarla təltif olunublar.

 

Sambo bölməsi

Klubun samboçuları da ili uğurlu nəticələrlə tamamlayıblar. Belə ki, yeniyetmə, gənc və böyüklərin mübarizəsində çıxış edən “Judo Club 2012”nin samboçuları yerli yarışlarda ümumilikdə 2 qızıl və 3 gümüş medal qazanıb. Klubun samboçuları yerli turnirlərlə yanaşı, beynəlxalq yarışlarda da çıxış ediblər. Belə ki, aprel ayında Kiprin Limassol şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində klubun üzvü Vilayət Bayramov (62 kq) bürünc medala sahib çıxıb.

Ötən ilin iyul ayında Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında isə klubun üzvü Abdulla Abdullayev yeddinci olub. 

 

Ciu-citsu bölməsi

Klubun ciu-citsusu idman növü üzrə çıxış edən təmsilçiləri də ilə möhtəşəm nəticələrlə yekun vurublar. Belə ki, “Judo Club 2012”nin üzvləri bu idman növü üzrə keçirilən yarışlarda ümumilikdə 41 (19 qızıl, 10 gümüş, 12 bürünc) medal qazanıb. Bu medallardan 17-si (9 qızıl, 4 gümüş, 4 bürünc) ölkədaxili, 24-ü (10 qızıl, 6 gümüş, 8 bürünc) isə beynəlxalq yarışlarda əldə olunub.

Ötən il bu idman növü ilə məşğul olunan idmançılar və məşqçilər üçün daha bir yadda qalan məqam isə məşhur braziliyalı döyüşçü, adı UFC-nin (Ultimate Fighting Championship) Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysinin “Judo Club 2012”də seminar keçməsi olub. Azərbaycan Ciu-Citsu Federasiyası, “Qodzilla” qrupun rəhbərliyi və “Judo Club 2012”nin təşkilatçılığı ilə keçirilən seminarda 100-dən çox idmançı və məşqçi iştirak edib. Seminarı həmçinin döyüş növləri üzrə respublika federasiyalarının rəhbərləri, tanınmış idmançılar, ictimaiyyət və media nümayəndələri izləyiblər. Məşhur idmançı iki saat ərzində ciu-citsu döyüş sənətinin nəzəri-praktiki məsələrindən  danışaraq, müxtəlif döyüş fəndlərinin icrasını göstərib. Seminar azərbaycanlı məşqçilər üçün faydalı olmaqla yanaşı, məşq zalına toplaşmış çoxsaylı yeniyetmə və gənc idmançıda unudulmaz təəssürat yaradıb. Tədbirin sonunda “Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Əməkdar idman ustası Azər Əsgərov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tərlan Həsənov və Azərbaycanın Əməkdar məşqçisi Hafis Hacıyev klubun adından dünya şöhrətli idmançıya qiymətli hədiyyə və xatirə vımpelləri təqdim ediblər.

Beləliklə, “Judo Club 2012” klub özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycan idmanının inkişafına öz layiqli töhfəsini verməyə çalışır. Gənc idmançıların ilbəil artan uğurları klubun fəaliyyətinin düzgün və planlı şəkildə qurulduğunu, burada Avropa, dünya çempionatlarında, hətta Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edəcək gənc nəslin yetişəcəyinə əminlik yaradır. Klub geniş fəaliyyətini 2020-ci ildə də səmərəli şəkildə davam etdirərək, ölkəmizdə idmanın kütləviliyinə və təbliğinə xidmət edəcək. İnanırıq ki, ötən il öz uğurları ilə yadda qalan idmançılarımız növbəti illərdə də dünya və Avropa çempionatlarında uğurla çıxış edəcəklər.

 

Hafis Hacıyev,

“Judo Club 2012”nin direktoru

 

Oxunma sayı: 1503 2020-01-09 20:16:03