Klub haqqında

        "Judo Club 2012" adından da göründüyü kimi, 2012-ci ilin fevral ayında yaradılıb. Klubun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev iştirak edib. Klubun yaradılmasında əsas məqsəd ölkəmizdə cüdo idman növünün inkişafına və populyarlaşmasına xidmət etmək, həmçinin veteran idmançıları bir araya toplamaqdır. Klubun yaradıcısı "Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı olan Azər Əsgərovdur.

Yeniyetmə, gənc və veteran idmançıların sevimli məkanına çevirilən klubda ümumilikdə, 500-600 idmançının məşq etməsi üçün hər cür şərait yaradılıb. Klubda günün müxtəlif saatlarında cüdo ilə yanaşı, sambo, karate, aikido, ciu-citsu, bədii gimnastika, akrobatika, aerobika və zumba növləri üzrə məşqlər keçirilir. Keyfiyyətli məşq prosesinin təşkili üçün hər cür infrastrukturu olan üçmərtəbəli binada ayrıca idman zalları mövcuddur. Zalların hər biri zəruri məşq avadanlıqları, sanitariya-gigiyena qovşaqları ilə təchiz edilib. Klubda bundan başqa trenajor zalı, futbol və basketbol üçün açıq meydança və tibb məntəqəsi yerləşir. Burada təlim-məşq toplanışları və müxtəlif turnirlərin keçirilməsi üçün də lazımi şərait yaradılıb.

"Judo Club 2012" həmçinin Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərən beynəlxalq və respublika turnirlərinin təşkilatçısıdır. Belə ki, klubun təşkilatçılığı ilə 2017-ci il aprelin 12-də Qusar şəhərində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlararası turnir keçirilib.

"Judo Club 2012" həmçinin 2016-cı ildə aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr olunmuş cüdo üzrə U-21 gənclər arasında klubların beynəlxalq komanda yarışlarının təşkilatçısıdır. Belə ki, 2017-ci ildə ilk dəfə olaraq Bakı İdman Sarayında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi, "Judo Club 2012"nin təşkilatçılığı ilə əfsanəvi kəşfiyyatçı Raquf Orucovun və onun şəhid silahdaşlarının xatirəsinə həsr olunmuş beynəlxalq turnir təşkil olunub. Hər il ənənəvi olaraq təşkil olunan "Raquf Orucov Kuboku"nun növbəti illərdə də keçirilməsi nəzərdə tutulur.