IV “Raquf Orucov Kuboku” beynəlxalq turniri uğurlu təşkilatçılıqla yadda qaldı

58.jpg

 

     Əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman hərbçilərimizin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq cüdo turniri 4 illik fasilədən sonra bu il yenidən bərpa edilib.

Noyabrın 16-17-də “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən ənənəvi turnirdə bu dəfə 20 yaşadək gənclər (U-20) qüvvələrini sınayıblar. 

Bakı İdman Sarayında təşkil olunan turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan və Şəxsi Neytral İdmançıları təmsil edən 48 klubdan 200-ə yaxın cüdoçu mübarizə aparıb.

Yarışdan əvvəl noyabrın 15-də Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, ənənəvi turnirin təşkilatçısı olan "Azman Holdinq"in və "Judo Club 2012"nin rəhbərləri, həmçinin veteran cüdoçular Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər. 
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra ikinci Fəxri xiyabanda Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər şəhidlərin məzarları ziyarət edilib. 
Sumqayıt Şəhidlər xiyabanında davam etdirilən ziyarət zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi ehtiramla yad olunub, polkovnik-leytenant Raquf Orucovun məzarına gül dəstələri qoyulub. 
Keçmiş hərbçi Rövşən Məhərrəmov və şəhidin qardaşı Zabil Orucov çıxış edərək, şəhidlik zirvəsinin müqəddəsliyindən danışıb, igid zabitin döyüş yolu haqqında məlumat veriblər.

Noyabrın 16-da Bakı İdman Sarayında turnirin rəsmi açılış mərasimi keçirilib. Dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və tanınmış idmançıların iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilidikdən sonra Böyük Zəfərə və əfsanəvi kəşfiyyatçı Raquf Orucovun döyüş yoluna, həmçinin turnirin tarixinə həsr olunmuş videoçarxlar nümayiş olunub.

Açılış mərasimində çıxış edən millət vəkili Adil Əliyev turnir iştirakçılarını salamlayaraq yarışın əhəmiyyətindən danışıb. O, belə yarışların gənclərdə vətənpərvərlik hissi və döyüş ruhunun aşılanmasında, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılmasında böyük rolu olduğunu qeyd edib.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu isə çıxışında ölkədə cüdoya göstərilən diqqət və qayğıdan danışıb. Turnirin ənənəyə çevrildiyini deyən baş katib bu yarışın iştirakçıları arasından gələcəyin çempionlarının çıxacağına inandığını qeyd edib.

Şəhid Raquf Orucovun qardaşı Zabil Orucov isə yarış iştirakçılarını əsgər salamı ilə salamlayaraq turnirin təşkilatçılarına minnətdarlığını bildirib. Xalqımızın qəhrəmanlıq salnaməsi olan Aprel döyüşlərinin hər kəs tərəfindən iftixarla xatırlandığını deyən Z.Orucov şəhidlərin müqəddəs əməllərini gələcək nəsillərə çatdırmaq üçün belə yarışların mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Rəsmi çıxışlardan sonra yarışların baş hakimi, Azərbaycan Cüdo Federasiyasının hakimlər komitəsinin üzvü, Olimpiya dərəcəli hakim Fariz Hüseynov turniri açıq elan edib.

Açılış mərasiminin bədii hissəsində kata üzrə nümunəvi çıxışlar göstərilib, incəsənət ustaları vətənpərvərlik ruhunda musiqi parçaları səsləndiriblər. Rəsmi açılış mərasimi başa çatdıqdan sonra turnirin final mərhələsinin iştirakçıları tatami üzərinə dəvət olunublar. 

İki gün davam edən yarışın yekun nəticələrinə əsasən, Azərbaycan komandası 22 (6 qızıl, 5 gümüş, 11 bürünc) medalla IV "Raquf Orucov Kuboku" beynəlxalq turnirinin qalibi olub. Tacikistan komandası bir dəst medalla (1 qızıl, 1 gümüş, 1 bürünc) ikinci, aktivində bir gümüş medal olan Türkiyə komandası isə üçüncü yerə sahib çıxıb.

Qeyd edək ki, şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq təşkil olunan ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsindən ibarət olub.

 

Oxunma sayı: 354 2023-12-21 16:25:22