Avropa kuboku: cüdoçularımızdan parlaq çıxış

10.jpg

 

     Azərbaycan cüdoçuları ötən həftə sonu beynəlxalq yarışlarda uğurlu nəticəyə nail olublar. Belə ki, yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri Polşanın Bielsko Biala şəhərində keçirilən Avropa kuboku yarışında 1 qızıl, 1 gümüş və 4 bürünc medala sahib çıxıblar. 34 ölkədən 781 cüdoçunun iştirak etdiyi turnirdə komandamıza qızıl medalı medalı Vüsalə Hacızadə (-48 kq) qazandırıb. Yalnız finalda məğlub olan Xədicə Qədəşova (-52 kq) ikinci yeri tutub. Millimizin digər üzvlərindən Əhməd Rüstəmov, Məhəmməd Məmişov (hər ikisi 50 kq), Cəsur İbadlı (-66 kq) və Eldar Əliyev (+90 kq) bürünc medalla kifayətləniblər.  

Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 5-ci, qızlar arasında isə 2-ci yeri tutub.

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə Avropa kuboku turniri isə yığmamız üçün 6 medala yadda qalıb. Qazanılan medallardan 3-ü qızıl, 1-i gümüş, 2-si isə bürünc olub. Cüdoçularımızdan Ruslan Paşayev (-66 kq), İbrahim Əliyev (-73 kq), Məhərrəm İmamverdiyev (-81 kq) qızıl medala layiq görülüblər. Telman Vəliyev (-73 kq) gümüş, Kamran Süleymanov (-66 kq) və Aslan Mirzəyev (-100 kq) isə bürünc medala sahib çıxıb.

Komandamız bu nəticə ilə ümumi medal sıralamasında Almaniyadan sonra ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov komandalarımızı yarışdakı uğurlu çıxış münasibəti ilə təbrik edib, gələcək turnirlərdə uğurlar arzulayıb.

 

Oxunma sayı: 586 2023-05-22 14:39:21